BAKI, 28 fevral. TELEQRAF

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev UFC 313 turnirində ABŞ təmsilçisi Castin Qeyci ilə keçirəcəyi döyüş barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, 32 yaşlı idmançı DAZN-a müsahibəsində görüş təklifini qəbul etməklə riskə yol verdiyini bildirib.

Lakin o, istənilən rəqiblə hər zaman qarşılaşmağa hazır olduğunu söyləyib: "İdeal qarşılaşma gördükdə bundan imtina edə bilmirəm. Den Uokerə tez sağalmasını arzu edirəm. Qeyci ilə döyüş mənim üçün əsl sürpriz oldu. Qısa olaraq onu deyə bilərəm ki, bu, asan deyil, çox böyük riskdir, lakin belə riskə girmək xoşuma gəlir. 10 yaşımdan döyüşürəm, bu, mənim həyatımdır. Sabah kiminləsə rinqə çıxa bilməsəm, bu gün özümü döyüşçü adlandırmaram. İstənilən rəqiblə, istənilən zaman üzbəüz gəlməyə hazır olmalıyam".

Qeyci daha əvvəl Den Hukerlə döyüşməli idi, lakin Yeni Zelandiya təmsilçisi yarışa iki həftə qalmış əlinin sındığını bildirərək yarışdan çəkilib.

Fiziyev və Qeyci ilk dəfə 2023-cü ilin martında UFC 286 turnirində qarşılaşıblar və hakimlərin səs çoxluğu ilə amerikalı qələbə qazanıb.

37 yaşlı rəqibin son döyüşü 2024-cü ilin aprelində UFC 300-də olub. O, Maks Holloueyə V raundda nokautla uduzub. Qeycinin hesabında 25 qələbə və 5 məğlubiyyət var.

"Ataman" isə sonuncu dəfə 2023-cü ilin sentyabrında UFC 228-də Mateuş Qamrotla döyüşüb. O, ikinci raundda polşalıya texniki nokautla məğlub olub. Azərbaycanlının aktivində 12 qələbə və 3 məğlubiyyət var.

Qeyd edək ki, Rafael Fiziyev Castin Qeyci ilə martın 9-da UFC 313 turnirində qarşılaşacaq. Tədbir ABŞ-nin Las Veqas şəhərində baş tutacaq.