BAKI, 24 fevral. TELEQRAF

Rumıniyada gənc boksçular arasında keçirilən “Drakula Open” beynəlxalq turnirinə yekun vurulub.

Teleqraf xəbər verir ki, 23 ölkənin qatıldığı yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçumuz birinci yeri tutub.

Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. O, rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn Azərbaycan boksçusu millinin qızıl medal sayını 4-ə yüksəldib.

Digər boksçulardan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kq), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.

“Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci olub.