Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov: “Qələbəmizə komandamızın yüksək hazırlığı da təkan verib”
"Bakı-2015" ilk Avropa Oyunlarına daxil edilən karate idmanının iştirakçıları yüksək nəticə göstərdilər. 13-14 iyun tarixlərində Bakı Kristal Zalında bu idman növü üzrə 12 medal uğrunda yarışlar keçirildi.
I Avropa Oyunlarının ikinci və üçüncü yarış günlərində mübarizəyə qatılan Azərbaycan karateçiləri 4 qızıl, 2 bürünc medal qazandılar. Firdovsi Fərzəliyev (-60 kq) və Rafael Ağayevin (-75 kq) qızıl medal, Niyazi Əliyev (-67 kq) ilə İlahə Qasımovanın (-55 kq) bürünc, ertəsi gün isə İrina Zaretskaya (-68 kq) ilə Ayxan Mamayevin (-84 kq) daha iki qızıl medal qazanması Azərbaycanı ümumi nəticədə birinci pilləyə yüksəltdi.
Komandanın kapitanı Şahin Atamov favorit oyunçulardan hesab edilsə də, bu dəfə rəqibin bəxti gətirdi və o, Avropa Oyunlarından medalsız ayrılmalı oldu. Gözlənilən bəzi yüksək nəticələrin alınmamasına baxmayaraq, Avropa Oyunlarında medallara sahib olan Azərbaycan karateçiləri həm də Avropa karatesinin “ilkləri” tarixinə düşdülər.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti, dünya və Avropa çempionu, əməkdar idman ustası Yaşar Bəşirov bildirdi ki, oyunlarda ümumilikdə 96 idmançı olmaqla 48 kişi və 48 qadın mübarizə apardı. AMKF prezidentinin sözlərinə görə, yüksək nəticələr daha çox kişi karateçilərindən gözlənirdi. Bu sıraya qadınların da qoşulması karate idman növünün bu tədbirdə ilk yerlərə çıxmasına zəmin yaratdı.
Yapon əlbəyaxa döyüş növü olan karatenin insanın daxili dünyasını tənzimlədiyini bildirən federasiya prezidenti qeyd etdi ki, karate ilə məşğul olan idmançılarda ümumilikdə ruh yüksəkliyi yüksək olsa da, azərbaycanlı karateçilərin qələbəsi komandanın ciddi hazırlığı nəticəsində hasil olub: “Qələbəmizə komandamızın yüksək hazırlığı da təkan verdi”.
AMKF-nın 1994-cü ildən Azərbaycanda yaradıldığını bildirən Yaşar Bəşirov dedi ki, ötən il federasiyanın 20 illiyi keçirilib və 2014-cü ildə Avropa çempionatından milli komandamızın qələbə ilə qayıtması federasiyanın yubileyinə ən böyük hədiyyə hesab edilib: “Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatının qalibi oldu və bunu da biz federasiyanın yubileyinə hədiyyə kimi qarşıladıq”.
Yaşar Bəşirov dedi ki, 1997-ci ildən Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 183 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in (Ümumdünya Karate Federasiyası) tam hüquqlu üzvü, EKF (Avropa Karate Federasiyasına) üzvüdür.
İdmançıların Ümumdünya Karate Federasiyası tərəfindən keçirilən bütün rəsmi yarışlarda iştirak etmək imkanına malik olduğunu deyən AMKF rəhbərinin sözlərinə görə, karateçilərimizin qələbəsinə başda ölkə Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin Prezidenti, 9-cu dan qara kəmərə malik və Federasiyanın fəxri üzvü olan İlham Əliyev böyük köməklik göstərir, həmçinin Gənclər və İdman Nazirliyi yaxından dəstək verir: “Məlumdur ki, karate qeyri-olimpiya idman növü hesab edilir. Bu idman növünün ilk Avropa Oyunlarına salınmasında İlham Əliyevin israrlı olması və göstərilən yüksək nəticə onun bu cəhdlərinin əbəs olmadığını bir daha sübut etdi”.
Digər idman növləri ilə müqayisədə karatedə yaş məhdudiyyətinin daha uzunömürlü olduğunu xatırladan federasiya prezidenti bu idman növündə yarışlarda 40 yaşa qədər fəal iştirakın mümkünlüyünü qeyd etdi.
AMKF-nin hədəflərindən danışan federasiya prezidenti bildirdi ki, 2020-ci ildə Bakıda 55-ci Avropa çempionatının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ilə əlaqədar milli karateçilər komandası bu ildən başlayaraq gələcək uğurlar üçün planlar hazırlayır: “Karate üzrə Azərbaycan milli yığma komandası Avropa və dünyada ən güclü komandalardan biridir. Ötən illər ərzində bizim karateçilərimiz dəfələrlə beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında öz sözlərini deyiblər və bundan sonra da hədəfimizdə yüksək nəticələrdir”.
Sevil Hilalqızı