Bakıda keçirilən I Avropa Oyunları Güney Azərbaycanda da böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi güneylilərin böyük sevincinə səbəb olub. Lakin İran mətbuatında Avropa Oyunlarına müxtəlif yanaşma müşahidə edilir. Xüsusilə də, açılış zamanı Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin simvolu kimi təqdim edilməsinə mənfi münasibət bildirilib.
Çikaqoda “GünAz” televiziyasının təsisçisi Əhməd Obalı güneylilərin Avropa Oyunlarına münasibəti və İran mətbuatında səslənmiş fikirləri şərh edib. O deyib ki, azərbaycanlılar Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük uğur hesab edir: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əlbəttə ki, bizim üçün böyük fəxrdir. Eyni zamanda, Oyunlarda idmançılarımızın medallar qazanması da əlavə bir sevincdir”.
Nizami Gəncəvi irsinin Azərbaycanın mədəniyyətinin simvolu kimi göstərilməsinə mənfi münasibətə toxunan Əhməd Obalı İran mediasının Azərbaycanda Avropa Oyunları haqda xəbərləri demək olar, boykot edərək işıqlandırmadığını deyib. Onun sözlərinə görə, dünya ölkələrində müxtəlif idman tədbirləri haqda məlumat verən İran mətbuatı Azərbaycanda Avropa Oyunlarına əhəmiyyət verməyib: “Bu, İranın Azərbaycanın Avropa ilə yaxınlaşmasından dərin naharatlıq keçirdiyinin göstəricisidir. Nizami Gəncəvi məsələsinə gəldikdə, onların Nizamini mənimsəməsi yanlışdır, amma onlar Nizamini sevmək istəyirlərsə, sevə bilərlər. Nizami dünyəvi bir şairdir və hər kəs onu sevə bilər”.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirib ki, I Avropa Oyunlarının açılış mərasimində Nizami Gəncəvi və onun əsərlərindən ibarət kompozisiyanın təqdimatı haqqında İranda bir neçə xəbər saytında məlumat gedib. Onun sözlərinə görə, bu xəbər saytları rəsmi Bakının fürsətdən istifadə etdiyini qeyd edib: “Eyni zamanda Bakı bu addımı ilə guya İranın mədəniyyətini öz mədəniyyəti kimi təqdim etdiyini diqqətə çatdırıb. İrandakı mətbuat Nizamini fars şairi kimi təqdim etməkdə yenə israrlı görünüb”.
N.Soytürk deyib ki, Azərbaycanda, Bakıda baş verən hadisələrin ən azından bir neçə mesajı vardır. Onun fikrincə, bu mesajlardan biri Güney Azərbaycan üçün ola bilər: “Güney Azərbaycanın müstəqilliyi olmadığından bizim mədəniyyətimiz və bu kimi fəaliyyətlərimiz bir başqasının qoyduğu qanunlar tərəfindən idarə edilir. Ona görə də biz çox əzilən bir vəziyyətdəyik. Lakin bu biri tərəfdən görəndə ki, Azərbaycan irəliləyir, inkişaf edir, bu güneylilərə xüsusi ruh verir. Hesab edirəm ki, I Avropa Oyunlarında verilən mesaj artıq Güneydə alınıb və fərəhlə qəbul olunub.
Açılış mərasimində başqa bir mesaj Ermənistan üçün oldu. On il əvvələ qədər ermənilər hesab edirdilər ki, Qarabağı işğal edərək müharibədə qalib gəliblər. Lakin Qarabağla bağlı I Avropa Oyunlarında verilən mesajlar onları yenidən düşündürməlidir”.
BƏXTİYAR