Bakı Su İdman Mərkəzində Birinici Avropa Oyunları çərçivəsində Sinxron üzgüçülük yarışları üzrə fərdi çıxışların ilkin mərhələsi başa çatıb. Yarışdan sonra Teleqraf.com-un əməkdaşı Türkiyə təmsilçisi Dəfnə Bakırcıdan müsahibə alıb. O, çıxışı və ölkəmiz haqqında olan ilkin təəsuratlarını bölüşüb. Həmin müsahibəni təqdim edirik.

- Fərdi çıxışınızdan razı qaldınızmı?
- Əslində çıxışımdan razı qaldım. İlk mərhələdən bu qədər xal qazanmağım məni ruhlandırıb. Əgər finala çıxsam, daha yaxşı çıxış edəcəm.

- Kimləri özünüzə rəqib görürsünüz?
- Hazırda bunu demək çətindir. Finala kimlərin qalacağı tam bəlli deyil. Ümumi baxdıqda isə Hollandiya və Böyük Britaniyanı qabaqlamağı düşünürəm.

- Şəhərimizi gəzməyə vaxtınız olubmu?
- Bakını gəzməyə hələ ki vaxtım olmayıb. Əslində Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Hər kəs bizə xoş münasibət göstərir. Həqiqətən çox gözəl şəhərdir.

- Birinci Avropa Oyunlarından öncə hansı turnirlərdə iştirak etmisən?
- 2013-cü ildə Gənclər arasında təşkil edən Avropa Çempionatına qatılmışdım. 2014-cü ildə isə Gənclər arasında təşkil edilən Dünya Çempionatına qatılmışdım. Qarşısa isə Kazanda keçiriləcək Dünya Çempionatı var.

Qeyd edək ki, Türkiyə təmsilçisi Dəfnə Bakırcı fərdi çıxışı üzrə 75.7667 xal toplayıb.

Rüstəm