“Anam qardaşım Daşqının xiffətini çəkirdi. Son anına kimi dilindən düşmürdü... Özü vəsiyyət etmişdi ki, məni oğlumun və həyat yoldaşımın yanında dəfn edin”.

Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Həsənağa Turabovun oğlu Yalçın Turabov deyib.

O bildirib ki, anası Solmaz Turabova yanvarın 28-də 85 yaşında vəfat edib.

"Yanvarın 14-də anamın doğum günü idi. Əvvəllər insult keçirmişdi, amma sonra yaxşılaşdı. Son vaxtlar isə çox zəifləmişdi".

Yalçın Turabov qeyd edib ki, anası Solmaz Turabova bu gün saat 14:00-da Qurd qapısı qəbirstanlığında dəfn ediləcək.

Qeyd edək ki, Həsənağa Turabov 2003-cü ildə dünyasını dəyişib. Onların oğlu Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olan Daşqın Turabov isə 1997-ci ildə öldürülüb.