Psixoloq: “Absurd ad seçən valideynin psixologiyasında problem var”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb. Komissiyanın sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, AMEA-nın Dil Komissiyası adlar siyahısına baxandan sonra siyahı ictimaiyyətə tam açıqlanacaq.
“Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub”

Sayalı Sadıqova dedi ki, adlar siyahısı Ədliyyə Nazirliyindən götürülüb. Ədliyyə Nazirliyinin nəzdində olan qeydiyyat idarələrində hər gün yeni adlar qoyulduğunu deyən sədr müavini bildirdi ki, siyahıda 30 faiz qeyri-adi, absurd və gülüş doğuran adlara rast gəlinib: “Adlar qeydiyyat idarələrindən birbaşa Ədliyyə Nazirliyinə verilir. Ayrı-ayrı bölgələrdən ad toplamaq əlavə işdir. Amma bu mənzərə nazirliyin siyahısında daha aydın görünür. Əvvəlki araşdırmalarımızda Vor, Cinayətkar, Cinayət, Kəsdim, Şüşəbənd, Stəkan, Xiyarə, Tutma, Ansambl və başqa adlara rast gəldik və bu adları çıxardıq. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub”.
Hələ bir neçə il öncə Azərbaycanda insan adlarının qoyulmasında “işıqfor” mexanizminin tətbiq olunması ilə bağlı təklif verilmişdi. Təklifdə bildirlirdi ki, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar “yaşıl siyahı”ya salınsın. II kateqoriya adlar - “sarı siyahı” - tövsiyə olunmayan, gülüş doğuran, digər dillərdə yaxşı səslənməyən adları seilçərkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağırsın.
III kateqoriyada isə Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlar isə “qırmızı siyahı”ya salınsın və bu adların qoyulmasına icazə verilməsin.
“Əcaib adlara birbaşa qadağa qoyulmalıdır”
Sayalı Sadıqova isə hesab edir ki, qeyri-adi, əcaib səslənən adlarla bağlı tövsiyələrin verilməsi yox, qadağaların qoyulması daha məqsədəuyğundur: “Övlada Cəllad adını yazmaq, əlbəttə, qadağan olunmalıdır. Tutma, Türmə kimi adlar nəyə lazımdır? Təsəvvür edirsiniz Türmə qıza qoyulan addır?! Ötən il biz mindən çox - Kombayn, Traktor, Sovet, Komsomol, Pioner, Raykom kimi sovet dövründə məşhur olan adları siyahıdan çıxardıq.
Yaxud ata-ana Azərbaycan türküdür, amma övladlarına Olya, Yelena, Vitya, Yekatrina, Tanya kimi adlar qoyublar. Əlbəttə, digər xalqlara mənsub adlara da hörmətlə yanaşmalıyıq. Bu istiqamətdə yalnız marrifləndirici tövsiyələr verə bilərik".
Azərbaycan müstəqillik illərinə qədəm qoyduğu ilk dövrlərdə cənub bölgəsində bir xeyli meyvə adı - Limonad, Portağal və sair kimi adları siyahıdan çıxardığını deyən dilçi alimin sözlərinə görə, belə adlar az deyil.
Qeyri-adi adlarla bağlı komissiya 2010-cu ildə tövsiyə xarakterli sənəd hazırlasa da, 2012-ci ildə o adların tamamilə siyahıdan çıxarılmasına qərar verilib: “Yeni adların siyahısı yenidən Ədliyyə Nazirliyinə göndərildi, nazirlik tərəfindən bu adların qoyulması qeydiyyat idarələrinə tapşırıldı”.
Yer adlarının etimologiyasını açmaq o xalqın tarixini açmaqdır
Dilçi alim dedi ki, aparılan mübarizənin müsbət effekti olub: “Son dövrlərdə türk mənşəli adlara çox üstünlük verilir ki, bu da təqdirolunan haldır: Dəniz, Damla, Selcan, Tural, Beyrək, Azərtürk kimi adlara indi az təsadüf edilmir.
Adlar siyahısı müntəzəm nəzərdən keçirilsə, bu cür absurd adlar ictimailəşsə, tənqid olunsa, hesab edirəm, faydası olar. Məsələn, inanmıram ki, kimsə indən sonra qızının adını Xiyarə qoysun. Bu işdə mətbuat da bizə dəstək olsa, jurnalist araşdırmaları aparılsa, bu cür adların siyahıdan çıxarılması daha da asanlaşar".
Sayalı Sadıqova hesab edir ki, ümumiyyətlə, tək şəxs adları yox, yer adları ilə bağlı da geniş tədqiqat işlərinə ehtiyac var: “Adların mənşəyi ilə onomastiklər, yerlərin etimologiyası ilə toponimlər məşğul olur. Azərbaycanın bu qədər yer adlarının etimologiyasını açmaq elə o xalqın tarixini açmaq deməkdir. Ona görə də fikrimcə, Toponim Mərkəzi yaradılmalıdır. İstər şəxs adları, istərsə də yer adları ilə tədqiqatların aparılmasının fikrimcə, çox mühüm rolu var”.
Çoxkomponentli adları sadələşdirməliyik

Dilçilik İnstitutunun hazırda ləğv olunan onoimastika şöbəsinin keçmiş müdiri Qara Məşədiyev bildirir ki, ötən il onomastiklər Azərbaycanda türk, fars, ərəb, rus mənşəli adları öyrənib və daha çox türk mənşəli adların seçilməsini tövsiyə ediblər: “Yəni adlar qısa, konkret və xoşagələn olmalıdır. Türk mənşəli adlar, həm dilimizin qədim köklərinə uyğun gəlir, həm də ahəngdar və xoşagələndir. Dilimizdə ərəb, farsdilli adlar da geniş yayılıb, onların hamısını ləğv etmək mümkün deyil. Bu adlar bizim dildə oturuşub, amma xogəlməyənləri islah etmək, çoxkomponentli adları sadələşdirmək nəzərdə tutulur. Bu istiqamətdə işlər davam etdirilir”.
Adın enerjisi sahibinə sirayət edir

Psixoloq Təhminə Çələbi hesab edir ki, ad insan həyatında önəmli faktordur və valideynlər ad seçərkən mütləq onun mənasını dərk edərək seçim etməlidirlər: “Vaxtilə insanlar özünü hansı adla doğruldurdusa, ona həmin ad verilirdi. Necə ki, ”Dədə Qorqud" dastanında deyilir, “Adını mən verdim, yaşını Allah versin”. Ad önəmli faktordur. Absurd adları bir kənara qoyaq, adi ad seçərkən, mütləq onun mənasını bilmək lazımdır. Çünki adın enerjisi insana sirayət edir. Hətta bəzən deyirik: “Adın sənə nə gözəl yaraşır”. Ona görə də ad insanın gələcək həyatına, şəxsiyyət kimi formalaşmasına, sosial statusuna, cəmiyyətdə tutduğu mövqeyə kimi təsir edən bir faktordur".
Psixoloq dedi ki, ona müraciət edənlər arasında adına görə kompleks yaşayanlar çoxluq təşkil edir: “Təcrübəmdə belə bir faktla rastlaşmışam, uşaq adına görə çox utanırdı, onun adını dəyişdirilməsini tövsiyə etdik. Bu, onun xarakterində kəsin dönüş yaratdı, çox pozitiv oldu.
Yəni valideyn olaraq bir insanın həyatını bu qədər qaraltmağa ehtiyac yoxdur. Ona görə ad seçərkən mütləq uşağın gələcəyini nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, absurd ad seçən valideynin psixologiyasında müəyyən problem var".
Ad insanda xoş assosiasiya yaratmalıdır
Qeyd edək ki, bəzən uşağa dünyasını dəyişmiş baba, nənə adının verilməsi, A hərfi ilə başlayan adların bir anlam, B hərfi ilə başlayanların başqa bir anlam daşıması, uşağa gec ad qoymaqla, iki ad verməklə bağlı müxtəlif inanclar, mübahisəli fikirlər var.
Təhminə Çələbi bu inanclardan doğan fikirlərin də psixoloji təsirinin olduğunu istisna etmədi: “Ümumiyyətlə, inancların bu məsələdə çox böyük rolu var. Məsələn, ölən insanın adını qoyduqda, bu ilk növbədə valideynin, əsasən də ananın ürəyində xof yaradır. Ana sayrışan fikirlərlə daim düşünür ki, görəsən, övladıma ölü adı təhlükəli nəsə yaratmaz ki?..
Təbii ki, insan düşüncələri hər bir nüansı özünə cəlb edir. Bunun nəticəsində nəsə xoşagəlməz bir hadisə olanda adla əlaqələndirirlər. Psixologiyada assosiasiya deyilən bir anlayış var. Ad insanda gözəl xüsusiyyətlər canladırmalıdır, xoş assosiasiya yaratmalıdır. Xoşbəxt, məsud insan anlamını verən bir adı uşağa versən, hər dəfə bu adla onu çağıranda bu, o insanı pozitiv ovqata kökləyir. Hətta qadın hamiləykən övladına ad axtarması, onu sevib-seçdiyi adla əzizləməsi hələ anadan olmayan körpədən yan keçmir.
Eləcə iki ad qoymaq hardasa şəxsiyyətin ikiləşməsinə gətirib çıxarır. İnsan bir adda özünü başqa cür doğruldur, digər adda başqa cür. Ona görə yaxşı olar ki, insana xoş assosiasiya doğuran ad qoyulsun ki, o özünü tanısın, daha sonra öz həyatını müsbət istiqamətə yönləndirsin".
Sevil Hilalqızı