BAKI, 5 iyun. TELEQRAF
Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbir çərçivəsində təşkil edilən "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə" adlı yan tədbirdə deyib.
O bildirib ki, Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcək.
"İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcək.
Xəzər dənizi bizi birləşdirən ortaq sərvətdir. Onun gələcəyi naminə əməkdaşlığın daha da güclənəcəyinə və bugünkü müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram", - o vurğulayıb.
Rauf Hacıyevin sözlərinə görə, son illər Xəzər dənizində müşahidə olunan səviyyə azalması ciddi narahatlıq doğurur.
O bildirib ki, bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur.
"Səviyyə azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişmələri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir", - o vurğulayıb.
Onun sözlərinə görə, bugünkü görüşün məqsədi vahid mövqe formalaşdırmaq deyil, elmi biliklərin paylaşılması, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyən edilməsidir:
"Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer almağa başlayıb. COP29 çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli nazirlər dialoqu bu məsələyə diqqətin artmasına töhfə verib. Bunun davamı olaraq Tehran Konvensiyasının Katibliyi tərəfindən gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planı hazırlanıb.
Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirir. Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ikitərəfli ekspert işçi qrupları yaradılıb. Bu platformalar məlumat və təcrübə mübadiləsinə, elmi əməkdaşlığın inkişafına xidmət edir".