BAKI, 17 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə tabeli “Azərbaycan Dövlət Dəniz Akademiyası”nda, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Nərimanov Rayon Sukanalında, Nizami rayonu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda və “Suraxanı Tibb Mərkəzi”ndə rəhbər heyət üçün “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqləri keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məşqlərin keçirilməsində məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Tədbirlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla keçən məşqlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.