BAKI, 28 yanvar. TELEQRAF
Teleqraf Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova ilə müsahibəni təqdim edir:
- İqlim dəyişmələrinin fonunda dünya ölkələri və Azərbaycan üzrə son illərdə quraqlıq artıb, yoxsa azalıb?
- İqlim dəyişmələrinin təsiri ildən-ilə artır. Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, 2025-ci il müşahidə tarixində qeydə alınmış ən isti üç ildən biri olub və bu hal qlobal miqyasda yüksək temperatur göstəricilərinin davam etdiyini təsdiqləyir. Ümumilikdə 2016-2025-ci illər dünya üzrə ən isti 10 il kimi qeydə alınıb. Azərbaycanda son 25 il ərzində ölkə üzrə hava temperaturunun anomaliyası orta hesabla +1,2 °C təşkil etdib. 2025-ci ildə orta illik temperatur 14,3 °C olub ki, bu da iqlim norması ilə müqayisədə 1,6 °C yüksəkdir.
Aparılmış təhlillər göstərir ki, son 25 il ərzində isti dalğaların başvermə tezliyi və intensivliyi əhəmiyyətli dərəcədə artıb. İsti hava dalğalarının tezliyi və sayı zaman və regionlar üzrə fərqlənir. Xüsusilə 2010, 2018 və 2019-cu illərdə güclü isti hava dalğaları ölkənin bütün ərazisini əhatə edib. 2025-ci ildə isə iyulun sonu və avqustun əvvəlində ölkə ərazisində 2 uzunmüddətli isti hava dalğası qeydə alınıb. Ən uzunmüddətli isti dalğa bölgələrdə 14 gün, Bakıda isə 8 gün davam edib.
Son onilliklər atmosfer yağıntılarının ekstremal xarakter alması ilə səciyyələnir. Yağıntıların zaman və məkan üzrə qeyri-bərabər paylanması müşahidə olunur. Belə ki, ölkənin bir hissəsində quraqlıq şəraiti hökm sürdüyü halda, digər hissələrdə intensiv yağıntılar nəticəsində sel və daşqın hadisələri baş verir.
- Son 10 ildə qış dövrlərində qar yağışı miqdarı və qar örtüyünün davametmə müddəti hansı səviyyədədir?
- Hidrometeoroloji müşahidə şəbəkəsindən əldə olunmuş məlumatların təhlili göstərir ki, son illərdə qarlı günlərin sayı azalıb. 2023-2024-cü ilin qış fəslində dağlıq ərazilərdə qarlı günlərin sayı 30-35 gün olduğu halda, 2024-2025-ci ilin qışında bu göstərici Kiçik Qafqazda 24 gün, Böyük Qafqazda isə 27-32 günədək azalıb.
- 2006, 2008, 2012 və 2016-cı illərdə Bakıda güclü qar, güclü şaxt olduğunu müşahidə edilirdi. Son 10 ildə Bakı və Abşeron yarımadasına əvvəlki illər qədər qar yağıntısı düşmür, bunun əsas səbəbi nədir?
- Bölgələrdə olduğu kimi Abşeron yarımadasında da orta temperaturun yüksəlməsi nəticəsində son illərdə qarlı günlərin sayında azalma qeydə alınır. Qar atmosfer yağıntılarının bərk fazası olub, müəyyən meteoroloji şərtlər daxilində formalaşır. Qarın yaranması həm bulud daxilində gedən proseslərdən, həm də yer səthinə yaxın hava şəraitindən asılıdır. Qarın formalaşması üçün əsas şərt hava temperaturunun aşağı olmasıdır. Qarlı günlərin sayına və qar örtüyünün formalaşmasına Xəzər dənizinin birbaşa təsiri var. Qış aylarında dəniz suyunun temperaturu müsbət olur. Belə ki, sahilyanı ərazidə yerləşən Abşeronun iqliminə yumşaldıcı təsir göstərir. Çox hallarda soyuq hava kütləsi ölkə ərazisinə daxil olanda Abşeron yarımadasına çatanda müxtəlif transformasiyalara uğrayır və havanın temperaturu 0 dərəcədən aşağı nadir hallarda düşür. Bununla yanaşı bəzi illərdə çox suyuq Arktik hava kütlələrinin təsirilə qısamüddətə olsa da havanın temperaturu mənfi olur və o halda yağıntılar qara keçir.
- Son illərdə onu da müşahidə edirik ki, hətta bəzi bölgələrimizədə qar yağışının miqdarı azalıb. Bəs bölgələrdə bunun səbəbi nə ilə bağlıdır?
- Qeyd etdiyimiz kimi şaxtalı günlərin sayı azalıb və təbii olaraq bu istiləşmə prosesi dağlıq ərzilərdə də müşahidə edilir. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) qiymətləndirmələrinə görə, son onilliklərdə Şimal yarımkürəsində qar örtüyünün sahəsi və mövcudluq müddəti davamlı şəkildə azalıb. Ölkəmizdə hidrometeoroloji müşahidələr göstərir ki, qarlı günlərin sayı əsasən düzənlik, dağətəyi, dağlıq ərazilərdə əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı qarın ərimə müddəti erkən başlayıb. Son 5 ilin müşahidə məlumatlarına nəzər salsaq ən çox qarlı günlər 2022-2023-cü ilin qışında Böyük Qafqazın şimal-şərq ərzilərində qeydə alınıb. Bu qış mövsümünün ötən dövrü ərzində dağlıq və dağətəyi ərazilərdə ümumilikdə 26 gün, Abşeron yarımadasında isə 3 gün qarlı hava şəraiti qeydə alınıb.
Yanvar ayının 19-dan etibarən şimal-qərb istiqamətindən daxil olan soyuq hava cəbhəsinin təsiri nəticəsində yanvarın 21-i gündüz saatlarınadək respublikanın əksər bölgələrində, o cümlədən Bakı şəhərində qeyri-sabit hava şəraiti hökm sürüb. Həmin dövrdə havanın temperaturu aşağı düşüb, fasilələrlə qar yağıb, güclü külək müşahidə edilib. Havanın minimal temperaturu Bakıda 2 dərəcə şaxtayadək enib. Yağan intensiv qar nəticəsində bəzi bölgələrdə qar örtüyü əhəmiyyətli dərəcədə artıb. Qar örtüyünün maksimal hündürlüyü cənub bölgəsində Lerik rayonunda qeydə alınıb və 116 santimetrə çatıb ki, bu göstərici mövsüm üzrə ən yüksək göstəricidir.
- Qlobal istiləşmə, quraq keçən hava son illərdə müşahidə olunur. Quraq keçən havanın dövrünün başa çatması gözlənilirmi, yoxsa gələcəkdə daha da artacaq?
- İqlimin gələcək vəziyyətini elmi əsaslarla qiymətləndirmək məqsədilə İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) tərəfindən mütəmadi olaraq qiymətləndirmə hesabatları hazırlanır. İqlim ssenariləri üzrə aparılan araşdırmalar göstərir ki, böyük ehtimalla gələcəkdə iqlimin istiləşmə prosesi və təbii olaraq quraqlıq bir çox regionlarda davam edəcək.