BAKI, 14 avqust. TELEQRAF
Pakistan İslam Respublikasının Bakıdakı səfirliyində bu ölkənin Milli Gününün 78-ci ildönümü münasibətilə tədbir təşkil edilib.
Teleqraf xəbər verir ki, Müstəqillik Gününə həsr olunmuş tədbirdə Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin və səfirliyin əməkdaşları iştirak ediblər.
Tədbirdə Pakistanın dövlət himni səsləndirilərək bayrağı qaldırılıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxış edərək müstəqillik illərində ölkəsinin qazandığı nailiyyətlərdən danışıb.
"Bu ilin may ayında Hindistanın təxribatına Pakistan layiqli cavab verdi. Bu hadisə həm də azərbaycanlı bacı və qardaşlarımız üçün qürurverici bir xatirədir. Pakistan Azərbaycanın göstərdiyi dəstəyə görə hər zaman minnətdar olacaq.
Hindistanın təxribatına cavab olaraq 28 may tarixi həm Azərbaycan, həm də Pakistan üçün əlamətdar günə çevrildi. Həmin gün Laçında birlikdə qeyd olundu. Necə ki, Azərbaycan Qarabağın azad edilməsində uğur qazanıb, Pakistan da Hindistanın işğalına son qoymaq istiqamətində uğurla mübarizəsini davam etdirir.
Zaman sübut etdi ki, Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli addımları öz nəticəsini verib. Ümid edirik ki, gələcəkdə Cammu və Kəşmir də Hindistan işğalından azad olunaraq sülh və birlik şəraitində yaşayacaq. Bu yolda birgə olduğumuz üçün təşəkkür edirik. Yaşasın Azərbaycan və Pakistan!" - səfir əlavə edib.

.jpg)