KƏLBƏCƏR, 6 avqust. TELEQRAF
Aavqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verib.
Məlumat üçün bildiririk ki, dünən Kəlbəcər rayonunda baş vermiş mina partlayışı hadisəsində hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfər hadisə yerindən təxliyə edilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicələri davam etdirilir. 1 nəfər hərbi qulluqçuya isə yerində ilkin tibbi yardım göstərilib.
***
01:48
Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçiləri beş nəfər olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Kəlbəcər rayonunun Vəng kəndində “Ural” markalı hərbi avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində Emin Tanrıverdiyevlə yanaşı, digər hərbi qulluqçular – 1987-ci il təvəllüdlü Emin Əhmədov, 1996-cı il təvəllüdlü Nicat Nuruyev, 1983-cü il təvəllüdlü Rabil İsmayılov və 1996-cı il təvəllüdlü Muşfiq Qarayev də müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
***
5 avqust, 22.32
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Emin Tanrıverdiyev minaya düşüb.
Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə Kəlbəcər rayonu ərazisində baş verib.
Yaralı hərbçi hospitala yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Tanrıverdiyev 1986-cı ildə Goranboy rayonunda anadan olub. O, üç ildən artıqdır orduda xidmət edir.
