BAKI, 5 avqust. TELEQRAF

Bakı şəhərinin Mənzil-Kommunal Təsərrüfat Departamenti yanında Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsinin xidmətində olan 50 fəvvarənin hamısı işlək vəziyyətdədir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fəvvarələrin İstismarı İdarəsindən bildirilib.

Məlumata görə, havaların isinməsi ilə bağlı günorta saatlarında da fəvvarələrin fəaliyyət göstərməsi barədə qərar verilib.

“Lakin nəzərinizə çatdırmaq istərdik ki, fəvvarələr də işlək mexanizimdir. Onların mühərrik və elektron hissələri yay mövsümündə daim işlədiyindən fasilə üçün zərurət yaranır. Bu səbəbdən fasilələr verilərək texniki vəziyyətləri qaydasına salındıqdan sonra yenidən istismara verilir”, - deyə bildirilib.