BAKI, 21 aprel. TELEQRAF

Paytaxtın 9 rayonunda - Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbaildə 6 ildir ki, bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına 2022-ci ilin sentyabrında başlanılan Xətai rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 21-24 ton təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Xətai rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.

"Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub",- məlumatda qeyd olunub.