
BAKI, 15 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi bəzi yanğın təhlükəsizliyi məsələləri ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Məlumata görə, son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir:
"Yalnız Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.
Həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.
Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır".