BAKI, 16 may. TELEQRAF
İllər öncə yanan "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək.
Bu barədə Teleqraf-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bildirilib ki, ötən il 10 dekabr tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Xatırladaq ki, 2019-cu ilin martın 26-da "Diqlas" Ticarət Mərkəzində güclü yanğın olub. Yanğından sonra ticarət mərkəzinin binasının təməli zədələnib, dəmir konstruksiya deformasiyaya uğrayıb. Mərkəzin sökülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən rəy verilib və obyekt tamamilə sökülüb.
Yanğın zamanı 400-dən çox sahibkara maddi zərər dəyib.