BAKI, 16 yanvar. TELEQRAF

"Azərbaycana qarşı ikili standart tətbiq edən qurumlar öncə öz ölkələrindəki ədalətsizliklərə diqqət yetirməlidirlər".

Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

A. Abbasov vurğulayıb ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vacib addımlar atılıb:

“BTQ beynəlxalq təşkilatların platformalarında siyasətlərin ifşa olunması və gündəmə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Biz hesab edirik ki, Azərbaycana qarşı ikili standart tətbiq edən qurumlar öncə öz ölkələrindəki ədalətsizliklərə diqqət yetirməlidirlər”.

O qeyd edib ki, son dövrlər aparılan fəaliyyət nəticəsində kolonial və neokolonial siyasətlərə qarşı mübarizə güclənib və dekolonizasiya prosesində mühüm nailiyyətlər əldə olunub:

“Yerli xalqların hüquqlarının qorunması istiqamətində Yeni Kaledoniya və digər dəniz aşırı ərazilərdə müəyyən nəticələr əldə edilib”.

Abbas Abbasov əlavə edib ki, bugünkü tədbir təşkilatın ilk beynəlxalq konfransı və layihəsidir. Yaxın zamanda digər milli azlıqlara həsr olunmuş beynəlxalq tədbirlər və nəşrlər planlaşdırılır:

“Hazırda bəzi tədbirlərin detalları təhlükəsizlik səbəblərinə görə açıqlanmır”, - o bildirib.