BAKI, 17 oktyabr. TELEQRAF

“Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı bir araya gətirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platformadır. Yeni Azərbaycan Partiyası da təşkilatın fəal üzvü qismində qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan konstruktiv işbirliyini dəstəkləməkdədir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakı şəhərində keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

“Müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi aktual müzakirə predmetinə çevrilib.

Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çox ziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. Eyni zamanda, dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlıq, inteqrasiya, sülh və təhlükəsizliyə xidmət etdiyini əməli fəaliyyəti ilə nümayiş etdirir", - T.Budaqov qeyd edib.