BAKI. 13 oktyabr. TELEQRAF
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi olduqca əhəmiyyətli idi. “Regional sülh və təhlükəsizlik” mövzusu həsr edilmiş Zirvə görüşündə olduqca mühüm mesajlar verildi. Prezident İlham Əliyev tədbirdə çıxışında olduqca mühüm məsələlərdən bəhs etdi, Azərbaycanın qədim şəhəri olan Qəbələdə qonaqları salamlayan ölkəmizin başçısı bu bölgəmizin tarixi haqqında qonaqları məlumatlandırdı.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşıb: “Prezident İlham Əliyevin də vurğuladığı kimi TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu söyləyib. Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bu ölkələri bir ailə kimi birləşdirir.

Azərbaycan dövləti təşkilatın işinə dəstək məqsədilə TDT-nin Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Bu isə ölkəmizin bu birliyə vermiş olduğu önəmi bir daha nümayiş etdirir. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşlər və verilən qərarlarla bağlı da mühüm məqamlardan bəhs edildi”.

Deputat vurğulayıb ki, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik amili əsas məqsəd və vəzifələr sırasında yer alıb: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdə keçirilən Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi bir daha çəkildi.
Sözsüz ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Prezident İlham Əliyev də qeyd etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Dövlət başçısının da vurğuladığı kimi bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması da Zirvə görüşündə bir daha diqqətə çatdırıldı. Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqları üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
Dövlətimizin başçısı çıxışında Azərbaycanla Ermənistan arasındakı sülh prosesi, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcəyini da bir daha qeyd edib. Artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlandığı da vurğulanıb. Sözsüz ki, bütün bunlar cənab Prezidentin də bəyan etdiyi kimi Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi”.

Eldar Quliyev hesab edir ki, Qəbələdə keçirilən Zirvə görüşü TDT üzv dövlətlərinin və müşahidəçi dövlətlərin liderlərini, eləcə də nümayəndə heyətlərini bir araya gətirərək bölgə və beynəlxalq arenada aktual problemləri müzakirə etmək, əməkdaşlığı genişləndirmək və Türk dünyasında birliyi, sülh və rifahı daha da inkişaf etdirmək baxımından önəmli idi: “Bu Zirvə görüşü sözsüz ki, türk dünyası daxilində daha dərin inteqrasiyanın göstəricisi və yeni strateji yanaşmaların formalaşması üçün katalizator kimi qiymətləndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, türk birliyi artıq bir faktor kimi gücə, əməkdaşlığa, inkişafa, inteqrasiyaya xidmət edir”.