BAKI, 9 oktyabr. TELEQRAF

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı təkcə türk dünyasının birliyini deyil, həm də onun yeni beynəlxalq təhlükəsizlik platformasındakı rolunu, onun strateji imkanlarını gücləndirir. Siyasi sistemlərdə və iqtisadi potensialda fərqliliklərə baxmayaraq, artan birlik və qarşılıqlı anlaşma nümayiş etdirən Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının rəhbərləri bir daha mühüm mesajlarla çıxış etdilər, təkliflər verdilər.

Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, bununla da Zirvə görüşü gələcək illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən Qəbələ Bəyannaməsinin imzalanması, eləcə də yeni dövlətlərin və tərəfdaşların türk əməkdaşlığına cəlb olunmasına imkan verəcək mexanizm olan “TDT+” formatının təsis edilməsi, Türk kimliyinin mədəni təməli olan Beynəlxalq Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət kəsb edirdi: “Və əlbəttə də ki, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad edilmiş Füzulidə məscid tikmək təklifi türk xalqlarını birləşdirən dərin mənəvi birliyin və qarşılıqlı hörmətin rəmzidir. Oxşar nümunələrə başqa layihələrdə də rast gəlmək olar: Özbəkistan tərəfindən tikilən Mirzə Uluqbek adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstandan Ağdamdakı Manas məktəbi, Macarıstandan Cəbrayılda tikilməkdə olan məktəb.

Qəbələdə keçirilən budəfəki sammit humanitar müstəvidən xeyli kənara çıxmışdır. Onun əsas mövzusu “Regional Sülh və Təhlükəsizlik”dir. Bu, şübhəsiz ki, etibarlı təhlükəsizlik sistemi və koordinasiyalı müdafiə səyləri olmadan inkişafın və suverenliyin mümkün olmadığını bütün türk dövlətləri tərəfindən etirafını əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi fəaliyyət göstərməsi son dərəcə vacibdir. Bu sözlər xüsusilə təsir mərkəzləri arasında rəqabətin gücləndiyi, yeni münaqişələrin diplomatiya deyil, güc yolu ilə həll olunduğu dünyada artan qeyri-sabitlik fonunda xüsusilə aktualdır. Son illərin hadisələri açıq şəkildə göstərir ki, həqiqi suverenliyə yalnız özünü müdafiə edə bilən dövlətlər malikdir. Odur ki, Azərbaycan Prezidentinin 2026-cı ildə TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin ölkəmizdə keçirilməsini təklif etməsi təsadüfi deyil. Bu, sadəcə olaraq həmrəylik nümayişi deyil, türk dünyası üçün vahid müdafiə məkanının yaradılması istiqamətində atılmış addımdır. Bütün bunların fonunda türk dövlətlərinin Qəbələ sammiti göstərdi ki, türk dünyası artıq qardaşlıq bəyannaməsi ilə məhdudlaşmır, sistemli fəaliyyətə doğru gedir”.

Komitə sədri bildirib ki, Zəngəzur dəhlizinin açılmasının vurğulanması Qəbələ Sammitinin əsas strateji nəticələrindən biri kimi qiymətləndirilir: “Bu dəhliz təkcə Azərbaycan və Türkiyəni deyil, bütün türk regionunu Avropa ilə birləşdirən yeni nəqliyyat arteriyasına çevriləcəkdir. Dövlət başçısı 2019-cu ildə TDT( o zaman-Türk Şurasının) VII Zirvə Görüşündə qeyd etmişdir ki, “Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdirdik”. Bu gün isə Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Beləliklə, TDT-nın nəqliyyat strategiyası – Mərkəzi dəhliz – Zəngəzur dəhlizi, Şimal-Cənub marşrutu gələcəkdə türk dövlətlərinin vahid iqtisadi və logistik məkanı olacaqdır. Hazırda inkişaf mərhələsində olan “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi türk dünyasının həm enerji ixracatçısı, həm də bərpa olunan enerji qovşağına çevrilməsinə şərait yaradacaqdır. Bu mənada Prezident İlham Əliyev 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. Və bir daha xatırlatmaq lazımdır ki, bu Qurultayın həm elmi, həmi ictimai, həm də siyasi nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti vardır”.

Hicran Hüseynova hesab edir ki, qısa müddət ərzində (tarix üçün 16 il həqiqətən də qısadır) TDT mədəni platformadan Xəzərdən Mərkəzi Asiyaya qədər bütün regionun siyasətinə təsir edən strateji qərarlar qəbul etməyə qadir struktura çevrildi: “Onun gücü dəyərlərin birliyində və prioritetlərin aydın, eyni zamanda gələcək hədəflərin hesablanmasındadır. “Regional sülh və təhlükəsizlik” devizi altında keçirilən Qəbələ Zirvə toplantısında türk dövlətlərinin rəhbərləri konkret qərarlar qəbul ediblər: müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi, “Türkiyə baxışı 2040” strategiyasının reallaşdırılması, yaşıl enerji dəhlizlərinin inkişafı. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Türk Təşkilatı müstəqil geosiyasi güc mərkəzi kimi formalaşır. Bu, ambisiya deyil, reallığın əksidir: türk dövlətləri vahid mövqedən çıxış etmək və bürokratik prosedurlara deyil, həqiqi tərəfdaşlığa əsaslanan kollektiv strategiya hazırlamaq bacarıqlarını nümayiş etdirirlər”.