BAKI, 6 oktyabr. TELEQRAF

"Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik mövcuddur. Sözsüz ki, türk dövlətləri bu gün dünya siyasətində ciddi rol oynamağa başlayıblar".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçiriləcək Zirvə görüşünün əhəmiyyətini şərh edərkən deyib.

Onun fikrincə, eyni tarixə, dilə, mədəniyyətə, dinə malik, bir-birinə qardaşlıq münasibəti bəsləyən 5 türk dövləti vaxtaşırı region və dünya məsələlərini müzakirə edib çox səmərəli təkliflərlə çıxış edirlər: “Bu dövlətlər ilk yerləşdikləri regionda sülhün və təhlükəsizliyin olması üçün çalışırlar. Bu da öz nəticəsini verir. Məhz Azərbaycanın apardığı rasional, beynəlxalq hüquq normalarına uyğun siyasəti nəticəsində ağrılı “Dağlıq Qarabağ” problemi həll edildi. Ölkəmizin təşəbbüsləri bu gün ABŞ-nin Zəngəzur dəhlizində Tramp marşrutu (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu -TRIPP) ilə bağlı təklifinə səbəb olub. Eyni zamanda türk dövlətlərinin Orta Dəhliz layihəsini həyata keçirməsi sülhün, əməkdaşlığın təmin edilməsinə, ümumi maraqların həyata keçirilməsinə imkan yaradır”.

Deputat hesab edir ki, TDT çərçivəsində aparılan müzakirələr regionu güclü etməklə yanaşı, türk qardaşları bir-birinə daha yaxın edəcək: “Bu mənada Qəbələdə keçiriləcək Zirvə görüşünün müzakirəli və maraqlı keçəcəyinə heç bir şübhə yoxdur. Dünya mətbuatının diqqəti yenidən Azərbaycanda və TDT-nin Zirvə görüşündə olacaq. Türk dövlətləri dünyaya eyni kökdən olan xalqların necə əmin-amanlıq, sülh, qardaşlıq şəraitində birgəyaşayış variantlarını axtardıqlarını nümayiş etdirəcəklər”.