BAKI, 22 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında olduqca vacib mesajlar səsləndirib. Sözsüz ki, bu Azərbaycanın tarixi qələbəsini simvolizə edən bir mənzərə idi. Qalib xalq, lider özünü məhz bu səviyyədə təqdim etməlidir. ABŞ-dəki görüşlərdə də biz bunu əyani şəkildə gördük".

Bu sözləri Teleqraf-a Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, BMT-nin yüksək tribunasından Azərbaycanın gördüyü möhtəşəm işlərin bəyan edilməsi xalqımızın ən böyük arzusu idi: “BMT-nin görə bilmədiyi işləri məhz Azərbaycanın özünün icra edərək qalibiyyət ab-havasında dünyaya təqdim etməsi sözsüz ki, qürurverici hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev BMT tribunasından məhz bu mesajı vermiş oldu. Ölkəmizin başçısı hətta Baş Assambleyadakı çıxışının sonunda bildirdi ki, “biz bu təcrübəni dünya ilə bölüşə bilərik”. Çünki Azərbaycanın qalibiyyət yolunu bu gün hər kəs keçə bilmir. İkili standartlar, kiminsə əlində alətə çevrilmək, başqalarının maraqlarının həyata keçirilməsi nəticəsində bəzi ölkələr müstəqilliyini, suverenliyini itirib. Azərbaycan isə bu mərhələdə real suverenlik və müstəqil dövlət kimi 1945-ci ildən indiyə qədər BMT-nin arzuladığı dövlət statusuna tam uyğun gələn nadir ölkələrdən biridir. Ölkə başçısı həmçinin qeyd etdi ki, BMT tribunasından biz, həmişə işğaldan, müharibənin ədalətsizliyindən danışırdıq. İndi isə biz sülhdən və tamam başqa məsələlərdən danışırıq. Bu amilin özü həddən artıq vacib məsələdir”.

Səməd Seyidov qeyd edib ki, Azərbaycanın təklif etdiyi sülh modeli başqa regionlarda ölkəmizdəki qədər reallaşa bilmədi: “Azərbaycanın adı BMT-nin Baş Assambleyasının 80-ci toplantısında az qala bütün dövlətlər tərəfindən müsbət mənada ifadə edildi. Sözsüz ki, biz heç vaxt bunun şahidi olmamışdıq. Həmişə Azərbaycana qarşı ikili standartlar fonunda fərqli yanaşmalar sərgilənirdi. İndi isə ölkəmizin adı müsbət nümunə kimi qeyd olunur. Ölkələrin prezidentləri, baş nazirləri və digərləri bunu açıq şəkildə bəyan edir. Azərbaycan Prezidentinin BMT-nin toplantısı səviyyəsində keçirdiyi görüşlərinin cədvəli də inanılmaz dərəcədə böyük idi. Bu isə birbaşa dövlətimizin qalibiyyətinin nəticəsidir. Çünki Azərbaycan bu gün gündəmdədir. Dünyanın aparıcı ölkələrinin liderləri, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri çıxışlarını Azərbaycanla başlayıb-bitirirsə deməli bu gün qlobal miqyasda ölkəmizə böyük maraq mövcuddur. Bu isə yeni Azərbaycanın əyani nümayişidir”.