BAKI, 25 sentyabr. TELEQRAF

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri mühüm önəm kəsb edir. Bu səfər Azərbaycanın diplomatik mövqeyinin beynəlxalq səviyyədə daha da gücləndirmək baxımından əhəmiyyətlidir. Prezidentin bu cür yüksək səviyəli tədbirlərdə iştirakı, ölkəmizin cari beynəlxalq proseslərdə iştirakını aktivləşdirir və strateji tərəfdaşlarla əlaqələri inkişaf etdirməyə imkan verir".

Bu sözləri Teleqraf-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ-ə səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq arenadakı artan maraq və nüfuzunun göstəricisi kimi səciyyələndirilir: “Keçirilən bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutur. Bu görüşlər yalnız adi diplomatik protokol yox, Azərbaycanın regiondakı nüfuzu və yeri, irəli sürdüyü sülh təşəbbüsləri, iqtisadi əhəmiyyəti, qlobal tərəfdaşlıq potensialının beynəlxalq səviyyədə təsdiqidir. Sözsüz ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan yüksək səviyyəli görüş xüsusi ilə qeyd edilməlidir. Xüsusi ilə Donlad Trampın Azərbaycan Prezidenti haqda səsləndirdiyi fikirlər və iki lider arasında səmimi münasibətlər mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin başçısının xarici dövlətlərin rəhbərləri ilə - Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, Avropa Şurasının baş katibi ilə görüşləri Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyini daha da gücləndirdiyi kimi, həm də ona artan marağın göstəricisi oldu. Həmçinin Prezidentin beynəlxalq təşkilatlar və ABŞ-nin böyük investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın enerji və investisiya potensialına marağın göstəricisi kimi dəyərləndirilir”.

Deputat bildirib ki, bütün görüşlərdə Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin (Vaşinton 2025) təqdir olunması sülh gündəliyinin təşəbbüskarı olan Prezident İlham Əliyevin mövqeyi və qlobal təhlükəsizliyə verdiyi töhfəsi vurğulanıb: “Məsələn, Finlandiya və Yunanistan kimi ölkələrin liderləri Azərbaycanın sülh prosesindəki rolunu “tarixi nailiyyət" adlandırıblar. Bütün bunların nəticəsi olaraq, bu səfər Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycanın qlobal mövqeyinin möhkəmləndirilməsi kontekstində daha çox önə çıxmış olur. Azərbaycan daima BMT-nin Nizamnaməsinə məqsəd və prinsiplərinə, beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib. Ölkəmiz BMT-nin əsas istiqamətlərindən olan Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verib”.

Sevinc Hüseynova hesab edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında, İqtisadi və Sosial Şurada aktiv fəaliyyət göstərib: “Ölkəmiz həmçinin BMT-nin bir sıra mühüm tədbirlərinə ev sahibliyi edib. 2016-cı ildə Sivilizasiyalar Alyansı üzrə Qlobal Forumu, 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un Azərbaycanda keçirilməsi tarixi hadisə idi. Azərbaycan BMT çərçivəsində humanitar, insan hüquqları, iqtisadi və mədəni məsələlərlə bağlı qəbul olunmuş bir sıra mühüm qətnamələrin əsas müəllifidir. COVID-19 pandemiyasına qarşı qlobal fəaliyyətin səfərbər olunması və peyvəndlərə ədalətli və bərabər çıxışın təmin edilməsi istiqamətində ölkəmiz ön sıralarda yer alıb.

Sözsüz ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar qəbul etdiyi 4 qətnaməni ölkəmizin özü tərəfindən icra edilməsi xüsusi ilə qeyd olunmalıdır. Bununla yanaşı, ölkəmizin 3890 vətəndaşının itkin düşməsi səbəbilə BMT Baş Assambleyasında iki ildən bir qəbul olunan qətnamə təşəbbüsü ilə çıxış etməsi də vacib amildir. Çünki BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi məruzəçisinin mandatının yaradılması bu həssas məsələyə qlobal diqqətin artırılmasına və onun daha effektiv şəkildə həllinə töhfə verə bilər.

Eyni zamanda BMT Baş katibinin 9 avqust 2025-ci il tarixli bəyanatında ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında imzalanmış çərçivə sazişini Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm bir mərhələ kimi alqışlanıb. Sözsüz ki, Azərbaycan bundan sonra da BMT ilə sıx əməkdaşlığını davam etdirəcək. Məhz bu uğurlu əməkdaşlığın nümunəsi kimi 2026-cı ildə Bakı şəhərində Dünya Şəhər Forumunun 13-cü sessiyasının keçiriləcəyi qeyd oluna bilər”.