BAKI, 11 iyul. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli formatda baş tutan görüşün nəticələrini necə dəyərləndirirsiniz?
- Bu görüşün yekunlarına dair Azərbaycan və Ermənistan tərəfindən verilən rəsmi açıqlamalar bir-birinə uyğundur. Görünür ki, bu açıqlamalar da bu və ya digər şəkildə birgə razılaşdırılıb. Bu da normal bir praktikadır. Sözsüz ki, bu danışıqların daha çox mövzuları əhatə etdiyinə şübhə yoxdur. Görüşün ümumi əhval-ruhiyyəsi onu göstərir ki, hansısa şifahi razılaşmalar olsa da hələlik onları ictimaiyyətə açıqlamaq mümkün deyil. Çünki bu mövzulara dair bəzi dəqiqləşmələr aparılmalıdır. Ola bilsin ki, dövlət başçıları danışıqlarda iştirak edən şəxslərə təlimatlar veriblər. Bu təlimatlar da ümumi razılaşdırılmış mövzular daha konkret şəkildə danışıqlar vasitəsi ilə aydınlıq gətiriləcək. Təbii ki, görüşün əsas nəticəsi olaraq müsbət əhval-ruhiyyə ilə bağlı mesajlar verildi. Azərbaycan və Ermənistanla yanaşı beynəlxalq ictimaiyyətə göndərilən bu mesaj da müsbət mənada xarakterizə edilir.

- Birbaşa aparılan danışıqların effektivliyi ilə bağlı gözləntilər nədən ibarətdir?
- İkitərəfli format artıq təsbit olunub. Bəziləri iddia edirlər ki, bu ilk ikitərəfli görüşdür. Bu belə deyil. Artıq uzun müddət məhz Azərbaycanın təkidi nəticəsində danışıqlar birbaşa aparılır. Çünki bu danışıqlar üçün heç bir kənar vasitəçiyə ehtiyac yoxdur. Ona görə də birbaşa aparılan danışıqlar formatı təsbit edilib. Bunun faydasını öncəki görüşlərdə hər kəs görüb. Əbu-Dabidə də bu formatın faydalı olmasını bir müddətdən sonra hamımız biləcəyik.
- Dövlətlərarası münasibətlərin qurulması, Zəngəzur dəhlizi və sərhədlərlə bağlı Əbu-Dabi görüşündə konkret müzakirələrin aparıldığı açıqlandı. Bu istiqamətlərdə qarşıdakı dövr üçün irəliləyişlər nədən ibarət ola bilər?
- Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr sülh danışıqlarından çıxarılıb. Bu məhz Azərbaycanın razılığı əsasında mümkün olub. Sözsüz ki, bu mövzu heç də gündəmdən çıxarılmayıb. Görüşün nəticəsi olaraq dəhliz məsələsinin xüsusi olaraq qeyd edilməsi bu mövzunun da müzakirə predmeti olduğunu təsdiqləyir. Azərbaycan üçün dəhliz mövzusu əsas əhəmiyyət kəsb edən mövzulardan biridir. Çünki iki Azərbaycan arasında bağlantı mövzusu təbii ki, strateji əhəmiyyət kəsb edir.

- İndiki halda dəhlizə aid səslənən əsas təkliflər nədən ibarətdir?
- Buna aid müxtəlif təkliflər səslənir. İşarələr edilir ki, guya ABŞ-nin bununla bağlı hansısa təklifləri var və s. Bu baxımdan dəhliz mövzusunun ikitərəfli formatda müzakirə edilməsi heç bir şübhə doğurmur. Real nəticələr haqqında isə nəsə demək çətindir. Çünki bu mövzunu tərəflər hələ də konfindensial olaraq saxlayır.