BAKI, 9 iyul. TELEQRAF

Sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Görüş Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində baş tutacaq. Liderlər danışıqları ikitərəfli formatda aparacaq. Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi və qeyri-rəsmi formatlarda 21 dəfə görüşüblər.

Teleqraf liderlər arasındakı görüşlərin xronikasını təqdim edir.

Liderlər arasında ilk qeyri-rəsmi formatda görüş 2018-ci ilin sentyabr ayında Düşənbədə MDB Sammiti çərçivəsində keçirilib.

İkinci görüş də qeyri-rəsmi formatda baş tutub. Belə ki, 2019-cu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində İlham Əliyev və Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Tərəflər arasında 2019-cu il martın 29-da Vyanada keçirilən görüşdə də ölkələr arasındakı münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb. Üçüncü görüş əvvəlcə təkbətək, daha sonra isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

Dördüncü görüş Almaniyanın Münxen şəhərində baş tutub. 2020-ci il fevralın 15-də liderlər ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında açıq debata çıxıblar. Liderlər Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə iştirak ediblər. Böyük maraq doğuran debatdan sonra İlham Əliyev və Paşinyan arasında görüş təşkil olunub.

2020-ci il ərzində başqa görüş baş tutmayıb. Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli 10 noyabr bəyanatı imzalanıb. Video-format çərçivəsində keçirilən görüşdə Azərbaycan və Rusiya prezidentləri, iştirak etsələr də, Ermənistanın Baş naziri görüşə qatılmayıb.

44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü (ümumilikdə beşinci görüş) Rusiya paytaxtında baş tutub. Belə ki, 2021-ci il yanvarın 11-də Prezident İlham Əliyev Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Vladimir Putin, İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Altıncı görüş isə üçtərəfli xarakter daşıyıb. Soçidə (26 noyabr 2021-ci il) Prezident İlham Əliyev rusiyalı həmkarı Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəliblər.

Brüssel danışıqları çərçivəsində ilk görüş 2021-ci ilin dekabrın 14-də baş tutub. Belə ki, İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Bu yeddinci görüşdür.

Səkkizinci görüş isə bir gün sonra Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında qeyri-formal formatda keçirilib.

Doqquzuncu görüş də Makronun təşəbbüsü ilə baş tutub. 2022-ci il fevralın 4-də Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Onuncu görüş də 2022-ci il aprelin 6-da Brüsseldə keçirilib. Burada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü olub.

Bir ay sonra - 22 may 2022-ci ildə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında on birinci görüş baş tutub.

On ikinci görüş də bu formatda keçirilib: Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il avqustun 31-də Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

On üçüncü görüş üçün Praqa seçilib. 7 oktyabr 2022-ci ildə Praqada İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub.

On dördüncü görüş də həmin ayın son gününə təsadüf edib. Soçidə İlham Əliyevin Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü təşkil edilib.

18 fevral 2023-cü il Münxendə İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə on beşinci görüşü olub.

Liderlər arasında on altıncı və on yeddinci görüşlər 2023-cü ilin may ayında keçirilib. Belə ki, ilk görüş mayın 14-də Brüsseldə Şarl Mişelin təşəbbüsü ilə, kinci görüş isə 15 gün sonra Moskvada üçtərəfli Zirvə görüşü formatında keçirilib.

On səkkizinci görüş Kişineuda baş tutub. Belə ki, iyunun 1-də Kişineuda İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Həmin ilin iyulun 15-də isə Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan ilə üçtərəfli görüşü təşkil edilib. Bu görüş on doqquzuncu görüş kimi tarixə düşüb.

Liderlər arasında növbəti görüş isə 2024-cü ilin 16 fevralında olub.

Münxendə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib. Bu görüş iyirminci görüş olub.

İyirmin birinci görüş isə 24 oktyabr 2024-cü ildə Kazan şəhərində XVI BRICS Sammiti əsnasında olub.

Məqalə president.az saytının materialları əsasənda hazırlanıb. Bitərəfli və çoxtərəfli görüşlərdən əlavə olaraq müxtəlif siyasi tədbirlərdə tərəflər arasında ayaqüstü görüşlər keçirilib. Buna misal olaraq, Türkiyə Prezidentinin andiçmə mərasimini və ya Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısını göstərmək mümkündür.