LAÇIN, 2 iyul. TELEQRAF

"Azərbaycanın Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmasını istəyirik".

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı "İƏT həftəsi" çərçivəsində Qadınlar Forumunun "Şəhərsalmanın inkişafında qadınların rolu" adlı panel sessiyasında deyib.

O bildirib ki, şəhərlər vətəndaşların sağlamlığını formalaşdırır:

"Səhiyyə təkcə xəstəxana demək deyil. Bura yaşıllıqlar, təmiz hava və s. aiddir. Qadınlar kişilərdən fərqli olaraq şəhərləri fərqli görürlər. Onlar təhlükəli küçələrdə əziyyət çəkirlər. Dünyanın bəzi ölkələrində qadınlar açıq havada ocaqda yemək hazırlayırlar. Təbii ki, bu, tibbi baxımdan da təhlükəlidir. Qadınlar ictimai yerləri özləri formalaşdırırlar.

Barselonada qadınlar "Super blok" adlı layihə həyata keçirir, ictimai nəqliyyat olan küçələri yaşıllıqlara çevirirlər. Bu da daha sağlam həyat deməkdir. Bundan başqa, Malmönün meri qadındır. O deyir ki, 2024-cü ilədək şəhər karbondan azad olunacaq".

H.Harmancı bildirib ki, qadınlar iqlim dəyişikliklərindən daha çox əziyyət çəkir:

"Qadınların rəhbərliyinə sərmayə yatırılmalıdır. Onlar şəhər rəhbərliklərində təmsil olunmalıdır. Həmçinin qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda bu barədə təcrübəmizi bölüşməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlar təhlükəsiz olsun".

Tədbirin moderatoru, Xarici İşlər Nazirliyin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov isə cavab olaraq qeyd etdi ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.