
BAKI, 18 iyun. TELEQRAF
Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunub.
Teleqraf xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirə edillib.
Sənədə əsasən, Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır.
Ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Xatırladaq ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi bu il fevralın 20-də Ali Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
Ali Məclisin mayın 21-dəki toplantısında isə layihə ikinci oxunuşda səsvermədən keçib.