BAKI, 11 iyun. TELEQRAF
Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır.
Teleqraf COP29-un "X" hesabındakı paylaşıma istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.
Leyla Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi dəniz mühafizəsi tədbirlərinə diqqət çəkib. Həmçinin, səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.
“Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı COP29-a ev sahibliyi etdi. Bu tədbir göstərdi ki, qlobal bölünmələrə baxmayaraq, siyasi iradə və əməkdaşlıq sayəsində böyük nəticələr mümkündür. Biz iqlim maliyyələşdirilməsi üçün Bakı Maliyyə Məqsədini qəbul etdik, Paris Sazişinin 6-cı maddəsinin tətbiqinə başladıq, Zərər və Ziyan Fondu yaratdıq.
Bu ruhu bu gün burada – Nitsada da yaşatmalıyıq. Okeanlar planetimizin mavi ağciyərləridir və onların qorunması yalnız ekoloji deyil, həm də iqtisadi və humanitar məsələdir.
Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik. Bu, bizim üzərimizə düşən ortaq məsuliyyətdir”, - deyə Leyla Abdullayeva vurğulayıb.