BAKI, 5 iyun. TELEQRAF
"Hazırda Litva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın ən səmərəli inkişaf edən sahələrindən biri kənd təsərrüfatı məhsullarının, xüsusilə də süd və meyvə-tərəvəzin ticarətidir".
Bunu Teleqraf-a açıqlamasında Litvanın ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus deyib.
"Məsələn, mən özüm Azərbaycan mağazalarında Litva istehsalı olan qatıq, süd kimi məhsulları görür və alıram. Eyni zamanda Litvada Azərbaycan məhsulları, xüsusilə qoz-fındıq, meyvələr və digər keyfiyyətli ərzaq məhsulları satışdadır. Bu da ölkələrimiz arasında artıq müəyyən ticarət əlaqələrinin formalaşdığını göstərir", - səfir bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın əsasını yerli bizneslərin qarşılıqlı şəkildə bir-birinin məhsullarını tanıması və bazara çıxarması təşkil edir: "Lakin qeyd edilməlidir ki, bu ticarətin həcmi hələlik o qədər də böyük deyil. Bu səbəbdən səfirlik olaraq biz bu həcmin artırılması üçün yeni imkanlar araşdırır və stimullaşdırmağa çalışırıq.
Gələcək əməkdaşlıq perspektivlərinə gəldikdə, yalnız kənd təsərrüfatı məhsulları deyil, həmçinin yüksək texnologiyalar, innovasiyalar və enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi mümkündür. Xüsusilə, enerji sahəsində əməkdaşlıq çox perspektivlidir. Azərbaycan hazırda neft və qaz sektorundan bərpa olunan enerji sektoruna keçid edən regionun lider ölkələrindən biridir. Litva da bu sahədə təcrübəyə malikdir və biz bu təcrübəni paylaşaraq, bərpa olunan enerji mənbələrinin inkişafında birgə çalışa bilərik".
K. Vaşkeleviçus regional təhlükəsizlik və enerji layihələrindən də danışıb: "Litva SSR dövründən qalma elektrik şəbəkəsindən ayrılaraq Avropa elektrik şəbəkəsinə uğurla inteqrasiya olunub. Bu mürəkkəb proses Litvanın enerji şirkəti "Ignitis" üçün ciddi təcrübə olub və bu təcrübə Azərbaycanın da elektrik şəbəkəsinin modernləşdirilməsi və Xəzər dənizində qurulması planlaşdırılan dəniz külək elektrik stansiyalarının həyata keçirilməsi baxımından faydalı ola bilər".
Səfir hesab edir ki, Avropa İttifaqı və Litva Azərbaycanı enerji sahəsində güclü və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir: "2022-ci ildə Azərbaycan Avropa İttifaqına daha çox enerji ixrac etməyə razılaşaraq, Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa ölkələrinə real dəstək göstərdi. Bu, Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi və biz bu əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq".
Diplomat vurğulayıb ki, Azərbaycanla Litva arasında təhsil sahəsində əməkdaşlıq diqqətəlayiqdir: "Hazırda Litva universitetlərində 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Litva universitetləri yüksək keyfiyyətli təhsil, müasir laboratoriyalar, zəngin mədəni həyat və geniş beynəlxalq imkanlar təklif edir. Universitetlərin əksəriyyətində ikili diplom proqramları mövcuddur. Beləliklə, azərbaycanlı tələbələr Litva universiteti ilə yanaşı, digər Avropa ölkələrinin-məsələn, Almaniya, İsveç və ya İtaliya universitetlərinin diplomlarını da ala bilirlər.
Bundan əlavə, tələbələr təhsil aldıqları müddətdə beynəlxalq şirkətlərdə təcrübə keçmək və işləmək imkanına malikdirlər ki, bu da onların gələcək karyera inkişafı üçün mühüm üstünlükdür. Biz azərbaycanlı tələbələrin gələcəkdə də bu imkanlardan daha geniş şəkildə yararlanacaqlarına ümid edirik".