BAKI, 29 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın 28 May Respublika Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda çox mühüm nüanslar öz əksini tapıb. Məktubun mahiyyəti Azərbaycanın mühüm dövlət kimi qəbul edilməsi ilə yanaşı, Vaşinqton-Bakı əlaqələrində Cozef Bayden dövründə yaranmış soyuqluğun aradan qalxması kimi də xarakterizə olunur. Çünki sabiq ABŞ prezidenti Cozef Bayden dönəmində iki ölkə arasında münasibətlərin zədələnməsinə xidmət edən bir çox addımlar atılmışdı. Tramp Administrasiyası isə Azərbaycanla pozitiv münasibətlər və ikitərəfli əlaqələrdə müsbət dinamikaya nail olmaqda maraqlıdır.

Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov iki ölkə arasında əlaqələrin bundan sonrakı dönəm üçün xarakterinə diqqət çəkib.

Komitə sədri qısa zamanda ABŞ tərəfindən Azərbaycanla bağlı iki mühüm məktubun göndərildiyini söyləyib: “ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktublarda olduqca vacib mesajlar öz əksini tapıb. Dövlət katibinin məktubunda Azərbaycanın artan gücünün etiraf edilməsi isə olduqca önəmli amildir. Sözsüz ki, enerji və digər sahələrdə olan əməkdaşlıqdan bəhs edərkən, Azərbaycan xalqına Müstəqillik Günü ilə bağlı təbriklərini çatdırmaqla yanaşı, ölkəmizin həyata keçirdiyi düzgün siyasət də açıq şəkildə bəyan edilib”.

Səməd Seyidov hesab edir ki, bu reallıq Azərbaycanın apardığı düzgün siyasətin böyük dövlətlər tərəfindən etirafıdır: “İndiyə kimi onlar Azərbaycanın siyasətini başqa cür təqdim etməyə çalışırdılar. Bayden və Blinken (ABŞ-nin sabiq Dövlət katibi Entoni Blinken) cütlüyü Azərbaycan-Amerika münasibətlərini ciddi şəkildə zədələmişdi. Onlar tərəf tutdular. Bu isə beynəlxalq münasibətlərdə qəti şəkildə mümkün olmayan məsələdir. Çünki ABŞ keçmiş Qarabağ münaqişəsi dövründə ATƏT tərəfindən vasitəçi statusu almış bir ölkədir. Onun açıq şəkildə tərəf tutması isə tamamilə absurd yanaşma idi. Ona görə də bu məktublar ölkəmiz üçün vacibdir. Amma bununla belə bizim ABŞ-dən gözləntilərimiz var. Axı “907-ci düzəliş” hələ də davam edir. Hesab edirəm ki, biz ikitərəfli qaydada bu istiqamətdə söhbətlərimizi davam etdirməli, əlaqələri daha da genişləndirməliyik. Faktiki olaraq, Azərbaycanla Amerikanın strateji əməkdaşlıq səviyyəsində olan münasibətləri mövcud idi. Ölkələrimiz bir-birinə köməklik göstərirdi. Sadəcə, Bayden və Blinken bu münasibətlərin üzərindən xətt çəkdi. Bütün bunlara baxmayaraq, iki ölkə arasında əməkdaşlıq üçün potensialın olması göz önündədir və bu istiqamətlərdə işlər davam etdiriləcək".