BAKI, 27 may. TELEQRAF

Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans​da "Avropada İslamofobiya – Xüsusi fokus" adlı panel sessiya keçirilib.

Teleqraf xəbər verir ki, sessiyada bir çox ölkəni təmsil edən nümayəndələr iştirak ediblər.

Avstriya Müsəlman Təşəbbüsünün sədri Tarafa Baghajati Avstriyada islamofobiya ilə bağlı sənədləşdirmə mərkəzinin fəaliyyətindən danışıb.

"Mərkəzin fəaliyyətində məqsəd islamofobiyanın mənfi imic formalaşdırmasının qarşısını almaqdır. Biz Avstriyada islamın siyasi məqsədlər üçün süi-istifadəsinə qarşıyıq. Bizim başqa şansımız yoxdur. Dünya dəyişikcə biz yeni problemlərlə üzləşirik. Bu çətinliklərlə mübarizə apara bilmək üçün mütləq birləşməliyik".

COREIS-in vitse-prezidenti İmam Yahya Pallavicini panel müzakirədə qeyd edib ki, bu konfrasda müzakirə edilən mövzular, səslənən fikirlər bir daha islamofobiyanın ciddi problem olduğunu sübut edir.

Sarayevo İstiqlal Məscidinin imamı İmam Edin Hamzakadiç da çıxışında islamofobiya ilə bağlı bəzi məqamlara diqqət çəkib.

"Cəmiyyət olaraq biz artıq irqçiliyə, ayrı -seçkiliklərə alışmışıq. Ona görə bəzən islamofobiyanı təhlükə kimi qəbul etmirik. Radikalist meyllər, İslamın yalnış təqdimatı müsəlmanlar üçün böyük təhlükə yaradır. İslam dininin təhlükə kimi təqdim edilməsi müsəlmanlara qarşı hücumdur", - o bildirib.

Lissabon Mərkəzi Məscidinin imamı İmam David Munir isə çıxışında müsəlman miqrantların üzləşdikləri problemlərə diqqət çəkib.

Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.