BAKI, 13 may. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosdan sonra təşkilatın almaniyalı millət vəkili Frank Şvabe növbəti dəfə Azərbaycan əleyhinə fikirlər səsləndirib. Rəsmi Bakının AŞPA ilə münasibətləri dondurduğu halda bu təşkilatın davamlı olaraq siyasi təzyiq ritorikasına əl atmaqda məqsədi nədir?

- Bütün bunlar ABŞ Konqresinin İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı keçirilən “dinləmələr”lə eynilik təşkil edir. Sadəcə olaraq, biri oradan, digər isə buradan səslənən əsassız iddialara dəstək verir. Görünən odur ki, onlar bir məkəzdən idarə olunurlar. Bu yaxınlarda ABŞ-dən bir qrup tanınmış şəxsin Ukraynaya dəstək məqsədilə səfəri təşkil edilmişdi. Gedib orada süni olaraq canfəşanlıq ediblər, ukraynalı uşaqları qucaqlayıb şəkil çəkdiriblər, baş verənlərə guya ürəkağrısı ilə yanaşıblar. Amma sonradan məlum olub ki, USAID onların hərəsinə bir milyon dollar verib göndəribmiş. Məlum olub ki, onlar heç də könüllü olaraq Ukraynaya getməyiblər. Bu adamlar satın alınaraq Ukraynaya göndərilib. Hətta elan edilən müqəddəs dəyərlərə uşaqlar və dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı məsələni də onlar pulla həll edirlər. Ona görə də onların yanaşmalarındakı səmimiyyətə inam qalmayıb. Bu xüsusda Şvabe kimiləri daha fəaldır. Çünki o Azərbaycanın növbəti uğurunu hiss edən kimi sifariş və tapşırıq əsasında öz zəhərini ifraz etməyə başlayır. Amma ona kim qulaq asır? Səndən, məndən başqa ona qulaq asan yoxdur. Sadəcə, bu jurnalist kimi sənin vəzifə borcundur, mən də siyasətçi kimi məsələni şərh etməliyəm deyə ona qulaq asırıq.

- Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakı səfərindən sonrakı qalmaqala səbəb nə idi?

- Bu Avropada olan ziddiyyətlərlə bağlıdır. Amma başa düşmək olmur ki, daha nə baş verməlidir ki, Avropada həyata keçirilən siyasətin iflasa uğradığını anlaya bilsinlər. Əslində Avropanın bu vəziyyətə düşməsinin səbəbi o qədər də mürəkkəb deyil. Çünki onlar özlərindən başqa heç kəsi görmək istəmirdilər. Düşünürdülər ki, onlardan başqa heç kəs ola bilməz və mütləq həqiqət yalnız bunlardan ibarətdir. Hamıya ağıl öyrətmək, dərs keçmək xüsusiyyəti, davranışı artıq ifrat dərəcədə özünü göstərməyə başlayıb. Avropanın içərisindən kimsə durub həqiqəti dedikdə Azərbaycanla bağlı reallığı danışdıqda onu qınaq obyektinə çevirib, xəyanətkar, düşmən adlandırırlar. Kallasın da ətrafında baş verənlər məhz bununla bağlı idi.

- Bu gün aparıcı Qərb təşkilatlarının regionda sıradan çıxan dayaqları hansı amillərlə bağlıdır?

- Həyata keçirdikləri yanlış siyasətlə Avropanı mühüm regionlardan uzaqlaşdırırlar. Gürcüstanda, Azərbaycanda mühüm dayaqlarını itirdilər. Açıq şəkildə dəstək verdikləri Nikol Paşinyan isə boynunu büküb Moskvaya qaçdı. Eyni zamanda onların dəstək verdikləri Ukraynanın hansı çarəsiz durumda qaldığını indi hamı görür. Amma bütün bunlara rəğmən Avropadakı həmin qurumlar və şəxslər öz günahlarını etiraf etmirlər. Bu məsələlərdə isə Azərbaycan birləşdirici rola malikdir. Azərbaycanın Çinlə və ABŞ ilə münasibətləri buna misaldır. Vaşinqtonla-Pekin arasında rəqabətin kəskinləşdiyi bir dövrdə Bakı hər iki tərəflə eyni səviyyədə əlaqələr yarada bilir. Eyni zamanda qardaş Türkiyə ilə İsrail arasında da Azərbaycanın mövqeyi məhz sülhə, əməkdaşlığa hesablanıb. Ölkəmiz həmçinin öz qonşuları ilə daha sıx əməkdaşlığı təşviq etməklə inkişaf tendensiyasının bağlılığını ortaya qoyur.