BAKI, 9 aprel. TELEQRAF

Ermənistan beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana təhvil verilmiş minalanmış ərazilərin xəritələrinin düzgünlüyünü yoxlamağa hazırdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Qurum rəsmisi Ermənistanın Azərbaycana 972 minalanmış sahənin xəritəsini təqdim etdiyini iddia edib.

“Ermənistan beynəlxalq ekspertləri cəlb etməklə onların düzgünlüyünü yoxlamağa hazırdır”, - Badalyan bildirib.

Həmçinin o iddia edib ki, Ermənistanda daha yaxşı və ya daha dəqiq xəritələr yoxdur.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Azərbaycana təqdim etdiyi mina sahəsi xəritələrinin dəqiqliyinin 25 faiz olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ermənistan xəritələrində Azərbaycan ərazisində 400 minə yaxın minanın yerləşdirilməsi göstərilsə də, real rəqəm 1,5 milyona yaxındır. Hacızadə əlavə edib ki, Bakı İrəvandan bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyir.