.jpg)
BAKI, 19 mart. TELEQRAF
ABŞ Dövlət Satınalma Portalının yaydığı məlumata görə, Pentaqon Ermənistandakı Zar hərbi poliqonuna hərbi texnika yerləşdirəcək. Texnikaların Gürcüstan vasitəsilə Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan daşınacağı bildirilir. Ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və.s) Ermənistana transferin bu il iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur. Tərəflər arasındakı müqavilə ilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılması də nəzərdə tutulur. Bəzi ekspertlər bu əməliyyatın ABŞ və Ermənistan arasında növbəti birgə təlimlərlə bağlılığını izah etsələr də, əsas məqsədin başqa olduğu iddia edilir.
Bu barədə Teleqraf-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ABŞ-Ermənistan tərəfdaşlığında diqqətçəkən məqamları şərh edərkən bildirib.
O qeyd edib ki, iki ölkə arasındakı razılıq əsasında Amerika Ermənistan ordusunun təchizatına dəstək verir: “Bir vaxtlar Rusiyadan hərbi dəstək alan Ermənistan indi bu ehtiyacını ABŞ-nin yardımı ilə qarşılamağa çalışır. Silahların çoxu isə təlim adı ilə gətirilib, sonradan Ermənistan ordusunun arsenalına verilir. Cüzi hissəsini geri qaytarmaqla görüntü yaradırlar”.
Polkovnik hesab edir ki, Amerika bu yardımları ilə Ermənistanı Rusiyanın təsirindən çıxarmağa çalışır: “Rusiyanın “102-ci” hərbi bazasının təsirini azaltmaq, bəlli bir vaxtdan sonra onun Ermənistan ərazisindən çıxarılması əsas məqsədlərdən biridir. Amerika bundan sonra da Ermənistana dəstək verəcək. Ona görə də bu məsələyə geniş kontekstdən baxmaq lazımdır”.
O əlavə edib ki, Ermənistandan Rusiya hərbçilərinin qısa zamanda çıxarılması ilə bağlı hazırlıqlar davam edir: "Faktiki olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan İrəvan onun tədbirlərində iştirak etmir. KTMT də özünü Ermənsitan qarşısında aciz aparır. Təşkilatın üzvlük haqqı və digər tələbləri icra olunmur. Görünür, Ermənistan KTMT-dən çıxmaq üçün ABŞ ilə daha sıx əməkdaşlığa üstünlük verir. Sözsüz ki, bütün bu məqamlar Azərbaycan tərəfindən diqqətlə izlənilir, rəsmi Bakı da öz müttəfiqləri və tərəfdaşları ilə daha sıx təmaslar yaradır”.