
BAKI, 18 mart. TELEQRAF
Azərbaycanla Ermənistan arasındakı sülh mətni üzərində əldə edilən razılaşma 5 ilə yaxın aparılan müzakirələrin nəticəsində mümkün olub. Amma bu, bütün problemlərin həlli demək deyil. Əgər tərəflər sülh mətninin razılaşdırıldığını elan ediblərsə, ardınca digər işlər görülməlidir.
Bu sözləri Teleqraf-a keçmiş xarici işlər naziri Elmar Məmmədyarov sülh mövzusu ətrafındakı prosesləri şərh edərkən deyib.
“Sülh mətninin razılaşdırılması müsbət haldır. Bundan sonra sənədin hər iki tərəfdən paraflanması vacibdir. Buna isə indiki halda vaxt çatmayacaq. Çünki hələ yekun sülh sazişini imzalamaq mümkün deyil. Ermənistan konstitusiyası dəyişdirilmədən bu çətin olacaq”, - o qeyd edib.
Sabiq nazir hazırda şərti sərhəddə baş verən gərginliyin isə başqa məqsədlərə xidmət etdiyini bildirib: “Azərbaycanla İran arasında hərbi qarşıdurma olmasa belə, ara-sıra sərhəd pozucularının iştirakı ilə təxribat edilir, atəş açılır. Ermənistanla isə vəziyyət fərqlidir. Bu ölkədə hamı Azərbaycanla sülh sazişi imzalanır deyə, papaqlarını göyə atıb, sevinmirlər. Revanşistlər təbii ki, sülh istəmirlər. Bu tip adamların Ermənistan ordusunda olması istisna edilmir. Amma bu kimi təxribatların genişlənməsi ehtimalı azdır”.