
BAKI, 17 mart. TELEQRAF
Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində danışıqlar yekunlaşıb. Postsovet məkanında yeganə dövlət olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi tarixi hadisədir. Bu reallığın hüquqi sənədlər üzərində də rəsmiləşdirilməsinin zamanı çatıb.
Bu sözləri Teleqraf-a ReAl Partiyasının sədri Natiq Cəfərli sülh müstəvisində hazırkı durumu şərh edərkən deyib.
Onun fikrincə, sülh mətnində Azərbaycanın istəklərindən kənar heç bir maddə olmadığına görə, razılaşmanın yaxın zamanlarda imzalanması mümkündür. Tərəflər arasında hazırda ən azından çərçivə sazişinin imzalanması daha realdır.
“Türkiyənin iştirakı ilə Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında qarşılıqlı inteqrasiya yarana bilər. Sülh sazişi imzalanarkən Ankara ilə İrəvan arasında da münasibətlər normallaşacaq. Beləliklə, Türkiyə-Ermənistan sərhədlərinin açılması sürətlənəcək. Bununla Türkiyənin bölgədə nüfuzu daha da güclənəcək ki, bu, Azərbaycanın maraqlarına xidmət edir”, - Natiq Cəfərli bildirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa hesab edir ki, sülh razılaşması üzrə əldə edilən yekun razılaşma müsbət xarakterizə edilir.
Komitə sədri bildirib ki, dövləti təmsil edən şəxslər ölkə başçılarının tapşırığı ilə yekun sülh sazişin qəbul edilməsi və imzalanması ətrafında təfərrüatları müzakirə edəcəklər: “Yəqin ki, bu istiqamətdə yaxın tarixlərdə yekun nəticəni görmək mümkün olacaq. Bu, hər iki dövlət üçün olduqca vacibdir. Sülh müqaviləsi arada olan inamsızlığı və narahatlığı aradan qaldıra biləcək”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi sülh müqaviləsinin imzalanmasının tarixi zərurət olduğunu qeyd edib.
“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan işğalda olan torpaqlarını geri qaytarıb. Regionda sülh və sabitlik üçün vacib olan məsələlərdən biri sülh sazişinin imzalanmasıdır. Təbii ki, bu, Azərbaycanın dövlət maraqlarına cavab verən, təhlükəsizliyi təmin edən ədalətli sülh olmalıdır”, - deyə o qeyd edib.
Seymur Həzi təmsil etdiyi partiyanın məhz bu çərçivədə imzalanan sülh sazişini alqışladığını bildirib: “Sülh sazişinin daha tez imzalanması arzulanır. Bu region üçün yeni perspektivlər yarada bilən hadisə olacaq”.
Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn bildirib ki, sülh sazişi layihəsi üzərində ikitərəfli razılaşmanın əldə edilməsi müsbət hadisədir:
“Sülh mətni üzrə Azərbaycanın son iki tələbi də Ermənistan tərəfindən qəbul edilib. Bu qarşılıqlı iddialardan imtina və sərhəddə üçüncü qüvvələrin olmaması ilə bağlı idi. Sülh mətni konfidensial saxlanılsa da, Azərbaycanın tələblərinin qəbul edildiyi məlumdur”.
O əlavə edib ki, ATƏT-in Minsk Qrupundan imtina, Ermənistan konstitusiyasında Azərbaycana qarşı iddiaların aradan qaldırılması vacib şərtlərdən biridir: "Qarşıda çox işlər var. Sənədin imzalanması, qüvvəyə minməsi üçün vaxt lazım olacaq. Cəmiyyətin münasibəti birmənalıdır. Amma sülh sazişi imzalanana qədər situasiyanın dəyişməsi, yeni müharibənin başlaması da istisna edilmir".