
BAKI, 17 fevral. TELEQRAF
Avropa İttifaqının (Aİ) Ermənistan ərazisində yerləşən “missiyası"nın “hərəkətləri” özünün elan etdiyi prinsiplərə ziddir. “Missiya” bir ölkənin ərazisindən binokl ilə başqa ölkənin ərazisini izləyir. Müşahidə edilən davranış beynəlxalq hüquq və münasibətlər praktikasında olmayan bir haldır.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu, həmin beynəlxalq təşkilatın Azərbaycana qarşı hörmətsizliyidir:
“Binokl siyasətinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsinə nə faydası var? Nə kömək edir? Ora xərclənən yüz milyonlarla dolları Azərbaycanda Ermənistanın işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, yaşayış məskənlərinin, məktəblərin, xəstəxanaların tikintisinə sərf edilsə, daha sərfəli olmazdımı?”
Aydın Mirzəzadə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra işğalçı Ermənistana Avropa İttifaqı tərəfindən iki milyard avro vəsait ayrıldığını söyləyib:
“Azərbaycan isə yaddan çıxdı. Harada görünüb ki, işğalçı mükafatlandırıla, işğaldan azad olunan ölkə isə yaddan çıxa bilər? Ona görə də Aİ-nin bu hərəkətləri onun adına yaraşmır. Buna son qoyulmalıdır”.
Qeyd edək ki, Aİ-nin Ermənistandakı müşahidə “missiya”sının üzvləri fevralın 13-də Qubadlı ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalılar binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçirib. Azərbaycanlı sərhədçiləri də öz növbəsində müşahidə “missiya”sının hərəkətlərini nəzarətə götürüb və qeydə alıb.
Xatırladaq ki, fevralın 12-si günorta saatlarında da Avropa İttifaqının monitorinq “missiyası”nın nümayəndələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazax istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi ilə gəlib. Avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və Azərbaycan Ordusunun bölmələri istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.