ABŞ-da Co Bayden administrasiyası Azərbaycan və ümumilikdə region üçün destruktiv mövqe seçib. İndiki halda Amerika hər yerdə çaxnaşma, qarşıdurma yaratmaqla öz maraqlarını əsk etdirməyən siyasət yürüdür. Hazırda bu siyasi xəttin nəticəsi göz önündədir. Bu gün onların siyasətinin mahiyyətini hamı görür.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, məhz bu yanlış siyasət nəticəsində Amerika hər yerdən çıxır:
“Görünən odur ki, Amerikanı heç kim qovmur. Sadəcə məhz bu cür siyasətlə o özü-özünü çıxartdırır. Bu mənada hazırda Cənubi Qafqaz regionu ABŞ siyasətinin iflasa uğradığı bölgəyə çevrilib. İnandırıcı deyil ki, bunu Amerikada heç də başa düşən olmasın”.
Millət vəkili hesab edir ki, məhz Amerikada reallığı dərk edən insanların olması fonunda, indiki ritorika heç də çox uzun davam etməyəcək:
“Amerikada da çox yaxşı başa düşməlidirlər ki, indi fərqli bir Azərbaycan var. Regionda söz sahibi olan güclü Azərbaycanla indi hamı hesablaşmalıdır. Həmçinin köhnə standartlarla müasir dünyaya yanaşmaq, hegemonluq, ikili standartlarla davranış sərgiləmək, xristianlığın İslam və yaxud başqa dinlərin qarşısında daha üstün olmasını nümayiş etdirməyə cəhd etmək köhnə fəlsəfədir”.
Səməd Seyidov görə, ABŞ bu yanaşmalardan əl çəkməlidir:
“Sözsüz ki, bu nə qədər tez olacaqsa, Azərbaycanla əlaqələri də normal istiqamətdə formalaşacaq. Təbii ki, Azərbaycan münasibətlərin pozulmasında təşəbbüskar deyil. Ölkəmiz həmişə Amerika ilə ikitərəfli münasibətlərə böyük önəm verib. Amma ABŞ Konqresində noyabrın 15-də keçirilən dinləmələr, senatda Azərbaycana qarşı qaldırılan məsələləri diqqətdən kənarda saxlamaq olmaz. Ona görə də, Amerikanın yanlış siyasətinə qarşı öz içərisindən çıxan səslər getdikcə çoxalacaq. Azərbaycanın haqlı sözü beləliklə daha çox eşidiləcək”.