Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə ədalətsizliyin, qeyri-qanuni təcavüzün əsaslarını yaratmış bir dünyanın “razılaşdırılmış” düzənini pozub. Çünki heç vaxt baş verməmişdi. II Dünya müharibəsindən sonra belə bir hala rast gəlinməmişdi. Hətta böyük dövlətlər tərəfindən bu həyata keçirildikdə dünyada ciddi qalmaqal yaradırdı. Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, yəni sənəd üzrə ədalət mövcud olduğu halda reallıqda heç bir ədalət yox idi. Təəssüf ki, bu ədalətsizliklə də böyük dövlətlər razılaşmışdılar. Böyük dövlətlərin razılaşmasını pozan Azərbaycana qarşı indi onlar ədalət uğrunda müharibədə əldə edilən qələbəmizi müdafiə etmək əvəzinə vaxtilə mövcud olan ədalətsizliyi müdafiə etməklə məşğuldurlar.

Bunu Teleqraf.com-a Avropa Parlamenti məkirli qətnaməsini şərh edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O hesab edir ki, BMT və onun ardınca Avropa Parlamenti gələn həftə isə Avropa Şurasında bu cür məkirli iddiaların ortaya çıxması gözləniləndir: “Çünki onlar ədalətin, beynəlxalq qanunun, xalqlar arası münasibətlərin olmasını istəmirlər. Onların öz maraqları var. Düşünürlər ki, mütləq həqiqət onlara məxsusdur. Müəyyənləşdirdikləri çərçivəyə kənar fikirləri isə qəti şəkildə qəbul etmirlər. Bu olduğu halda belə onu qınaq obyektinə çevirirlər. Bu gün Azərbaycana qarşı olan hücumlar da məhz bu amildən qaynaqlanır”.

Deputat deyib ki, Avropa Parlamentində qəbul edilmiş həmin sənədin də başında duran məhz fransızlar olub:

“Avropa Parlamentində ən böyük siyasi qrup Avropa Xalq Partiyasıdır. Amma bu qrup həmin müzakirələrdə yer almayıb. Orada korrupsiyaya uğramış kiçik qruplar vasitəsi ilə bu cür absurd qərarlar ortaya çıxarılıb. Əslində bununla Avropa Azərbaycan münasibətlərinə ciddi zərbə vurulur”.

Millət vəkilinə görə, bu gün dünyada ədalətsizlik yanaşmalarını ortaya qoyan dövlət Ermənistandır:

“Qonşularına qarşı ərazi iddiası ilə çıxış edən, işğalçılıq, etnik təmizləmə aparan erməni dövlətidir. Təbii ki, burada iki ədalətsizliyin birləşməsi labüd idi. İran kimi dövlətin də bu gün Ermənistanın yanında yer alması onun ədalət anlayışına olan yanaşmasından qaynaqlanır. Ona görə də, bu gün ədalətsizliyin, ədalətə qarşı elan olunmamış və bəzi hallarda elan olunmuş mübarizəsi gedir. Çox təəssüflər olsun ki, biz bu gün dünyada ədalət anlayışının nə dərəcədə məhdud şəkildə olduğuna şahidlik edirik”.

Səməd Seyidovun fikrincə, Azərbaycana qarşı olan təzyiqlər əldə olunmuş qələbə ilə yanaşı ölkəmizin artıq bir aktora kimi çevrilməsi ilə bağlıdır: “Bu gün Azərbaycan qitələri birləşdirən və real əlaqələndirici, körpü rolunu oynayan ölkəyə çevrilib. İndi məhz bu qüvvələr dəhlizlərlə, neftin, qazın qiyməti ilə bağlı açıq mübarizə aparır. Bunu sadəcə olaraq insan haqqları, demokratiya kimi anlayışlardan yararlanmaqla onu bir alətə çevirməklə ölkələrin üzərinə gedirlər. Ona görə də, bu qüvvələrin demokratiya, insan hüquqlarından danışmasının alt qatlarında özlərinin istisadi maraqları dayanır. Amma bundan sonra da belə hallarla qarşılaşacayıq. Bütün bunlaırn fonunda Azərbaycanın mövqeyi dürüst, açıq-aydın şəkildə ortadadır. Dövlətimizin, millətimizin maraqlaırna uyğun siyasət bundan sonrada da uğurla davam etdiriləcək”.