Azərbaycan-Ermənistan arasında yeni müharibə riski ilə bağlı Qərbdəki bəzi “beyin mərkəzləri”nin, bu sırada Beynəlxalq Böhran Qrupunun (BBQ) hesabatı yayılıb. Eyni zamanda ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrindəki yazıda verilən anons müsbət bir məsələdir. Burada Azərbaycanın qısamüddətli qələbəsindən bəhs edilirsə, müəyyən bir ehtimallar inandırıcıdır. Çünki indi Azərbaycanın hərbi hazırlıq səviyyəsi elədir ki, Ermənistanla istənilən müharibəni udmaq şansına sahibdir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O hesab edir ki, bu istiqamətdə erməni tərəfi düşünməlidir: “Sülhə doğru qətiyyətli addımlar atılmasa, onlar üçün problemlər yaranacaq. Azərbaycan onsuz da bölgədə möhkəmlənmə işlərini davam etdirir. Bütün hallarda Ermənistanda müharibə ilə bağlı səfərbərlik aparmaq böyük bir problem ola bilər. Azərbaycan tərəfi olaraq Şuşa-Xankəndi-Laçın yolunda öz postlarımızı qurmaqla təsiredici addımlarımızın sayı artırılmalıdır. Bunun ardınca isə bütün Qarabağı nəzarətə götürməliyik. Sərsəng su anbarı da tamamilə bizim nəzarətimizdə olmalıdır”.

Fazil Mustafaya görə, hazırda Xankəndidə olan qruplar arasında hakimiyyət davası üstündə problemlər çıxacaq: "Məğlubiyyət sindromu günahkar axtarışına sövq edir. Ermənistan və Qarabağda da proseslər bu istiqamətdə gedir. Bu da ən azı cəmiyyətin problemlər yaşaması üçün əsas verir. Dövlət olaraq bu imkanlardan istifadə etməliyik və təsir gücümüzü daha da artırmalıyıq. Əsas məsələ bizim ora necə təsir edə biləcəyimizdir. Artıq o cür yaşayışla barışmayıb Azərbaycan vətəndaşlığı reallığını qəbul etmək istəyən erməni seqmenti üzərində işlər güclənməlidir. Onlara ideoloji, siyasi, mədəni və başqa konteksdə təbliğatı çatdırmalıyıq. Bu istiqamətdə də müasir texnologiyanın imkanlarından geniş istifadə etmək olar. Beləliklə Qarabağda olan ermənilər Azərbaycanla münasibətlər yaratmaqda daha çox maraqlanar. Sözsüz ki, orada hamı siyasiləşmiş adam deyil. Azərbaycanla birgə yaşamağa dair edilən müraciətlərin sayı arta da bilər”.

Millət vəkili çıxış yolunu orda Azərbaycanın gücünün olmasında görür: “Xankəndidə bu gücü onlar görməlidir. Laçından başlayan bu proses davam etməlidir. Artıq sülhməramlılar və digərləri gördü ki, Azərbaycan prosesi özbaşına buraxmaq niyyətində deyil. Biz yeni Laçın yolu çəkməmişik ki, kimsə də “ağayana” gəlib oradan rahatca keçsin. İndi azərbaycanlı fəalların Şuşa-Xankəndi yolunda aksiyası davam edir. Bunun ardınca siyasi qərarlar verilməlidir. Eyni zamanda hərbiçilərimiz orada yerləşməlidir. Bundan sonra orada terrorçu və hərbi xarakterli addımlar məhdudlaşacaq. Azərbaycanın da məqsədi odur ki, Qarabağda sivil bir şərait formalaşsın”.