“İnandırıcı deyil ki, yaxın bir ildə Moskva ilə Kiyev arasında sülh razılaşması əldə edilsin. Hətta belə razılaşmanın əldə edilməsi o demək deyil ki, Rusiyaya qarşı sanksiyalar dərhal ləğv ediləcək. Yox, bu gözlənilmir. Rusiyaya qarşı embarqolar illərlə davam edəcək. İndi Qərb bütün imkan və potensialından yararlanaraq Rusiyanı dünyadan sıxışdırmaq və bir kənara qoymaq istəyir. Həmçinin inandırıcı deyil ki, Rusiya yaxın bir və ya iki il müddətində düşdüyü bu vəziyyətdən çıxmaq imkanı əldə etsin”.
Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov Ukraynada baş verən qanlı müharibə fonunda Rusiyanı yaxın gələcəkdə hansı təhlükələrin gözlədiyini açıqlayarkən bildirib.
Əli Abbasovun fikrincə, indi olmasa da, Rusiyada bu ilin sonu və ya gələn il dəyişikliklər üçün şərait yarana bilər:
“Bəli, mən hakimiyyət dəyişikliyini nəzərdə tuturam. Faktiki prezident Putini beynəlxalq hərbi cinayətkar kimi qəbul edirlər. Rusiyada hansısa dəyişik olmalıdır. Ya hər şeyi kiminsə üstünə atmalı, günahları ona yükləməlidirlər. Məsələn, müdafiə naziri və ya informasiyaların səhv verildiyinə görə, başqa birisi günah keçisi seçilə bilər. Amma mən buna da inanmıram. Rusiyada hər kəs bilir ki, götərişlər birbaşa prezident Putindən gəlir”.
Hərbi teatrda vəziyyətə gəldikdə Əli Abbasovun müşahidəsinə görə, hər iki tərəf qəti qələbə əldə etməyə daha çox meyllidir, nəinki danışıqlar aparmağa:
“Qəti qələbə budur ki, digər tərəf çıxdaş olmalı, bir müddət beynəlxalq meydanda görünməməlidirq. Əslində Rusiya ya Çinin yanına getməlidir, halbuki Pekin bunu istəmir, ya da başqa imkanlar olmalıdır. Ancaq Rusiyada belə imkanlar yoxdur. Rusiyanı hərtərəfli izolyasiya edirlər, Moskvada qapalı formada daxili problemlərini həll etməlidir. Üstəlik Mərkəzi Asiya onlara qarşı durub, MDB ölkələri fürsət axtarışındadır. Bu da onu göstərir ki, Rusiyada kritik dəyişik olmalıdır. Ya Putin dəyişməlidir, ya da kimisə qurban verməlidir. Məsələn, indi Xarkov tərəfindən keçməklə rus ordusu Donbasa tam nəzarəti bərpa etmək istəyir. Məncə, Qərb və Ukrayna buna imkan verməyəcək. Mümkündür ki, Donbası əldə edə bilsə, ruslar deyəcəklər ki, əsas məqsədə çatmışıq. Məncə, buna imkan verilməyəcək. Az qala hər bir rus tankına qarşı Ukraynaya 100 ədəd “Stinger”lər verilib. Odur ki, vəziyyət gərgindir”.