Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, ötən gün ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər naziri arasında telefon danışığı baş tutdu. Brüssel razılaşmasından sonra atılan bu addımı - tərəflərin vasitəçi olmadan əlaqə qurmalarını necə qiymətləndirirsiniz?
- Bu müsbət bir haldır. İstənilən də odur ki, Ermənistan tərəfi bundan sonrakı davranışlarında səmimi, açıq, dürüst olsun. Tərəflər məkirdən uzaq, substantiv danışıqlar səviyyəsində bundan sonra qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək imkanlarını qoruyub saxlasın. Məhz bu yanaşmalardan sonra Ermənistan regionda özünün milli maraqlarına uyğun davranış göstərmək imkanı əldə edə bilər. Amma bunu danışıqlar - danışıqlar fəlsəfəsi kimi qəbul etmək olmaz. Belə olan halda Ermənistan üçün heç bir perspektiv görünmür. Azərbaycan onsuz da öz işini görür. Ölkəmiz delimitasiya və demarkasiyanı aparmaq iqtidarındadır. Dövlətimiz işğalda olan əraziləri azad edib. Bundan sonra da zəruri olan işləri davam etdirir. Kommunikasiyaları istər Ermənistan, istərsə də İran üzərindən açmaq imkanlarımız ortadadır. Bu baxımdan Azərbaycan sadəcə indi çox əlverişli bir vəziyyətə malikdir. İstəyimiz də odur ki, regionda daimi sabitlik təmin edilsin. Ermənistan da bu sabitlik fəlsəfəsinə qoşulsun. Proseslərin gedişi onu göstərir ki, gec-tez bu baş verəcək.
- AB də Azərbaycanla Ermənistan arasındakı ilkin ikitərəfli təmaslara dəstək ifadə edib. S.Lavrovun ATƏT-in Minsk qrupu ilə bağlı son açıqlaması da gündəmdədir. Erməni tərəfi isə hələ də Minsk qrupu formatında qalmaq istəyindədir. Prosesin gedişində daha hansı fərqli yanaşmalar ortaya çıxa bilər?
- ATƏT-in Minsk qrupu artıq yoxdur. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu barədə konkret olaraq bəyanat verib. Ermənistanın isə yenidən hər hansı formada Minsk qrupunu gündəmə gətirməsi sadəcə olaraq özlərinin perspektiv planlarının olmaması ilə bağlıdır. Eyni zamanda Ermənistanın bundan sonra hansı istiqamətdə getməklə bağlı konkret ideyası olmalıdır. Amma görünən odur ki, onların belə bir strategiyası yoxdur. Bu gün Avropanın maliyyə və təsirə malik aparıcı qüvvəsi Avropa Birliyidir. Avropa Birliyi də maraqlıdır ki, burada sülh, əmin-amanlıq olsun. Bu baxımdan biz də hazırda çox paradoksal bir halın müşahidəçisiyik. Azərbaycanla Avropa Birliyinin maraqları üst-üstə düşür. Ermənistan isə bu prosesdə və maraqlardan kənarda qalıb. Ermənistanı indi sülhə yalnız Azərbaycan deyil, o cümlədən Avropa Birliyinin özü də məhkum etmək siyasətini ortaya qoyur.
- Fransadakı prezident seçkilərinin gedişi, qatı şovinistlərin bu marafonda yer alması, seçkidən sonra Avropa Birliyinin Cənubi Qafqaza olan marağının azalacağı ilə bağlı proqnozlar haqqında nə demək olar?
- Fransada baş verən seçkilərlə bağlı mövqeyimizi ortaya qoymuşuq. Biz Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, dəyərlərimizi və ikitərəfli münasibətlərə layiqli tərəf kimi qəbul edən hər bir dövlətlə işləməyə hazırıq. Son zamanlar biz Fransadan da bu münasibəti görürük. Fransanın həm siyasi rəhbərliyi, həm də biznes elitasının, Avropa Birliyi səviyyəsində Azərbaycana olan müsbət tendensiyaları göz önündədir. Sözsüz ki, bu gün Fransada prezident seçkiləri gərgin keçir. Amma fransız xalqının düzgün seçim edəcəyinə və Fransanın mili maraqlarının təminatına dəstək ifadə ediləcəyinə əminlik mövcuddur. Çünki bu gün heç kimə ultrasağçılar, şovinistlər sərf etmir. Hər kəs də görür ki, bu cür yanaşmaların nəticəsi necə bitir.
- Pakistanda da əsaslı dəyişikliklər oldu, yeni baş nazir seçildi. Azərbaycan dost olan ölkədə baş verənlərlə bağlı fikirlərinizi bilmək istərdik?
- Hazırda dost Pakistanda daxili siyasi proseslər gedir. Bu proseslər də hələ yekunlaşmayıb. Hazırda oradakı iqtidar, hakimiyyətə gələn və gələcək qüvvələr özləri üçün daimi, dəyişməz prioritet qəbul edib. Pakistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu siyasi xətt davam etdirilir. Bu da Azərbaycan, Türkiyə münasibətləridir. Ona görə də başqalarının istəkləri ürəyində qalır və qalacaq. Çünki Pakistan, Azərbaycan münasibətləri dəyişməzidir və çox ciddi əsaslara söykənir.