Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu amil ölkəmizin beynəlxalq platformalarda aktiv iştirakı ilə bağlıdır. Bu baxımdan, Azərbaycan Avropa Şurası ilə də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti Prezident İlham Əliyevin də qəbulunda olub. Dövlət başçısı ilə Avropa Şurası baş katibinin görüşündə vacib məsələlər müzakirə olunub. Prezident Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyini bildirib. Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvü olmaqla yanaşı, etibarlı tərəfdaş kimi tanınır: “Ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi həm ayrı-ayrı dövlətlər, həm də regional və beynəlxalq təşkilatlar üçün mühüm əhəmiyyət daşıyır. Avropa Şurası da bu baxımdan istisna deyil. Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramı da perspektiv əməkdaşlıq baxımından əhəmiyyət kəsb edir”.
Millət vəkili hesab edir ki, Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə bilər: “Bakıda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd edib. Ümumiyyətlə, Ermənistan yeni mərhələdə də beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanatın konkret tələblərinə zidd addımlar atmaqda davam edir. Buna görə də, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılmasında fəal iştirak etmək istəyən Avropa İttifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatlar bu reallıqlara adekvat addımlar atmalı, Ermənistan hakimiyyətinə təsir etməlidir. Yeni təşəbbüslər isə bütün tərəflər üçün faydalı və perspektivlidir”.
Sevinc Fətəliyeva hesab edir kii, hazırda həm Avropa məkanında, həm də müxtəlif bölgələrdə sabitlik və əməkdaşlıq mühitinin təmin olunması beynəlxalq birliyin xüsusi diqqətindədir: “Beynəlxalq ictimaiyyətin nəzəri həm də postmüharibə dönəminə qədəm qoymuş Cənubi Qafqazdadır. Xüsusilə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Avropa İttifaqı və Avropa Şurası bu prosesə vacib töhfə verə bilər”.