“Mən belə anlayıram ki, Ukraynaya hərbi müdaxilə bir adamın qərarıdır, sadəcə digərləri bunu dəstəkləmək məcburiyyətində qalıb. İndi dünya bunun nə ilə bitəcəyini gözləyir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğalına başlayıb, hazırda hərbi proses davam edir. Qərb bir tərəfdən, ukraynalıların özləri digər tərəfdən iş aparır. Bəli, feyk məlumatlar yayılır ki, Ukrayna ordusunun hərbçiləri silahlarını ataraq qaçır. Bu, inandırıcı deyil. Ola bilsin ki, müəyyən hissələrdə ukraynalılar geriyə çəkilmək məcburiyyətində qalıb. Amma müharibə davam edir”.

Bunu Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

Əli Abbasov deyib ki, Rusiyanın bütövlükdə Ukraynanı işğal etmək planı ağlasığmazdır: “Burada vacib məsələ Putinin son məqsədinin nə olmasıdır. Onlar Krıma quru yol açmaq üçün bəzi əraziləri ələ keçirmək, eləcə də qondarma separatçıların konstitusiyasına əsasən saxta respublikaların sərhədlərini müəyyən etmək istəyirlər. Ola bilsin ki, bunu etdikdən sonra Qərb və Ukrayna ilə danışıqlara qayıtsınlar. Bu, mümkün ola bilər. Amma indi Rusiyanın əlində olan qüvvələrin Kiyevi ələ keçirməsi, yeni hakimiyyət qurması real deyil”.