Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi yenidən “status” məsələsini gündəmə gətirib. Sizcə Amerika öz səfirini niyə susdurmur?
- Görünür, ona belə bir təlimat verilib. Azərbaycan da ABŞ-da olan səfirimizə göstəriş verilməlidir ki, Kaliforniyada erməni dövlətinin yaranması barədə məsələ qaldırsın. Buna ancaq alternativ dillə cavab vermək lazımdır. Burada kimsə tərbiyəsizlik edib Azərbaycan ərazisində hansısa bir şəkildə “tələb” qoyursa, buna da analoji dillə cavab verilməlidir. Biz də tələb qoymalıyıq ki, Kaliforniyada erməni dövləti yaransın və Qarabağda, başqa yerlərdə arzusunda olan ermənilər ora köçürülsün. Fransada, Marseldə erməni muxtariyyəti də elan etmək olar. Erməniləri belə çox istəyirlərsə, onları öz evlərində yaşatsınlar.
- Ardıcıl olaraq erməni üçün “status” tələb etmək nə ilə əlaqəlidir?
- Bu, mənasız bir tələbdir. Deyəsən, pandemiya bunların başını təmiz pozub. Elə axmaq tələblər irəli sürülür ki, adam heyrətlənir. Burada hansı “status”dan söhbət gedə bilər ki? Heç bir əlahiddə imkandan söhbət gedə bilməz. Sadəcə olaraq Azərbaycan Konstitusiyasını qəbul edəcək ermənilərə normal yaşamağa imkan verilə bilər.
- ABŞ-ın Azərbaycanda 300 şirkəti, 19 milyard dollar həcmində investisiya layihələri var. Belə olan halda ABŞ-ın Ermənistandakı səfirinin ölkəmizə qarşı bu cür davranışı necə izah oluna bilər?
- Bütün bunlar sadəcə olaraq düşmənçilikdir. Amma bunun bizə heç bir aiddiyyatı yoxdur. Onlar nə düşünür-düşünsün, biz öz torpağımızı azad etmişik və qoruyacayıq. Başqa bir alternativin olması qeyri- mümkündür. Azərbaycanın bütün bunlara konkret cavabı Şuşa Bəyannaməsi ilə oldu. Biz bəyannaməni rəsmiləşdirib qanuniləşdirdik. Artıq Azərbaycana olan təhdid qardaş Türkiyəyə olan təhdid hesab edilir. Bu da sadə bir məsələ deyil. Çox böyük bir addımdır. Prezident bununla bağlı çox böyük cəsarət nümunəsi sərgilədi. Türkiyə prezidentinin də bu məsələdə cəsarətini xüsusi ilə qeyd etməliyik. Biz iki qardaş ölkə olaraq bu prosesi davam etdiririk. Düşmənin nə deməsi bizim üçün maraqlı deyil. Ona görə də, ərazi ilə bağlı bizə kiminsə, nəsə deməsi önəm kəsb etmir. Çünki Azərbaycan heç bir dövlətin ərazisini işğal etməyib.
- Kənar təsirləri nədə görürsünüz?
- Biz öz ərazimizdə istədiyimiz addımı ata bilərik. Amerikada, Avropada olanlar kimdirlər ki, buradakı məsələlərə burunları uzatsınlar? Onlar necə deyə bilərlər ki, siz öz əraziniz barədə sərəncam verməyin? Belə bir hal necə ola bilər?!
- Türkiyə-Ermənistan arasında artıq təyyarə reysləri açılıb. Paşinyan Zəngəzur istiqamətində dəmir yolunun çəkilməsindən danışır. Sizcə, proses hansı səviyyədə irəliləyir?
- Proses irəliləməlidir. Çünki erməni də artıq baxır ki, onu tələyə salıblar. Bu gün Ukraynada olan məsələlərə diqqət etmək kifayətdir. Ukraynanı Rusiya ilə üz-üzə qoyublar. Onların nə vecinə ki, Ukraynanın torpağı gedir, xalq qırılacaq…Hədəf xalqları öz məqsədləri üçün qurbanlığa çevirməkdir. Ona görə də, Rusiya ilə də, ABŞ-la da, İranla da dil tapmaq lazımdır. Çünki Azərbaycanın heç bir dövlətlə ərazi davası yoxdur. Azərbaycan əraziləri ilə bağlı kimlərinsə davası varsa biz bu kursu artıq müstəqil şəkildə həyata keçiririk. Bunun da alternativi yoxdur. Belə olan halda Azərbaycana qarşı olan həmlələrin də mənası qalmır. Azərbaycan da öz addımlarını kifayət qədər ağıllı formada atır. Hər hansı bir şəkildə Azərbaycana qarşı yönələn bu addımların irəliləməsinə icazə verməyəcəyik.