“Biz 1993-cü ildən daima fikrimizi bildirmişik. Təşkilat olaraq İrandan bura gələn insanlara hüquqi yardımlar da etmişik. Mən hesab edirəm ki, İranda yaşayan qardaşlarımızla əlaqələrimiz güclü olmalı, onlarla işləməliyik. Söhbət hansısa qanundan kənar əlaqələrdən və davranışlardan getmir. Qardaş-bacılarımızla güclü əlaqələr qurmalı, onların problemləri, hüquqları və dərdləri ilə tanış olmalıyıq. Müasir dövrdə bunlar normal hal sayılır”.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O xatırladıb ki, uzun illər İranın buradakı adamları Azərbaycan gənclərini tilovlayaraq Quma və digər İran şəhərlərinə apararaq dini təhsil veriblər:
“Söhbət bizim uşaqlardan gedir. Onları aparıb orada beyinlərini yuyublar. Mən bunu zamanında deyəndə bildirirdilər ki, Novella xanım buna ehtiyac yoxdur. Anlayırıq ki, siz dövləti qorumaq məqsədilə deyirsiniz, amma bu, lazım deyil. Əlbəttə, mən bunu anlayışla qarşılayıram. Amma bir daha qeyd edim ki, oradakı soydaşlarımızla, İranla işləməliyik. Biz İrana bomba atmırıq, onlarla işləmək lazımdır”.
Hüquq müdafiəçisi qeyd edib ki, bu gün Azərbaycan elə bir nöqtədədir ki, İran cürət edərək hər hansı qeyri-qanuni addım ata bilməz:
“Həm də nəzərə almaq lazımdır ki, dövlətlər arasında razılaşmalar, müqavilələr, nəhayətdə beynəlxalq hüquq və onun yaratdığı öhdəliklər var. Hesab edirəm ki, dövlətlərarası münasibətlərdə hər şey öz axarına düşəcək.
Bir məqamı qeyd edim. 2025-ci ildən sonra biz tam fərqli dünmya görəcəyik. Yeni dövlətlərarası sülhməramlı hadisələr yaşanacaq. Hamı bir-birilə normal münasibət saxlayacaq, müharibəsiz. Habelə iqtisadi bölüşmələr də tədricən başa çatacaq. Yəni dünya bir qədər fərqli və sakit olacaq.
Əlbəttə, biz ona qədər Naxçıvana dəmiryolunu da açacağıq. Paşinyan özü deyir ki, Azərbaycanla danışıqlara hazırdır. Adam hərəkətləri ilə bildirir ki, Qarabağ Azərbaycana məxsusdur. Odur ki, regionda əməkdaşlığın alternativi yoxdur. İran da bu haqda düşünsə, yaxşı olar”.