“İran səsləndirdiyi iddialarla bağlı Azərbaycana hansı fakt və sübutlar təqdim edə bilər? İranın əlində heç bir fakt yoxdur. Bu səbəbdən də heç nə vermir. Prezident İlham Əliyev də çıxışı zamanı bildirdi ki, baxın, görüm arxamda salamat bir bina varmı ki, burada gəlib kimsə otursun. Əlbəttə, reallıq qarşısında əsassız ittihamlar sabun köpüyü kimi bir şeydir”.

Bunu Teleqraf.com-a “Ayna-Zekola” qəzetinin təsisçisi, analitik Elçin Şıxlı deyib.

Elçin Şıxlı qeyd edib ki, Azərbaycan 44 günlük II Qarabağ müharibəsi ilə təkcə işğal altında olan tarixi yurdlarına azad etməyib, həm də İranın son 30 ildə göstərdiyi fəaliyyəti sıfıra endirib:

“Bizim cənublu soydaşlarımızın nümayəndələri qeyd edirlər ki, insanların oyanması üçün bundan böyük təkan olmazdı. İranın öz dövlət maraqları var. Müsəlman həmrəyliyi, İslam qardaşlığı kimi şüarlar boş şeydir. Gözümüzün önündə İran riyakatlıq edir, bunların hamısı yalandır. Azərbaycan türkləri onlar üçün sanki bombadır. Hərçənd biz bu məsələni heç vaxt gündəmə gətirməmişik, belə niyyət də yoxdur. Görünən odur ki, İran bunu bizə deyil, özünə görə edir. Onlar müstəqil, güclü Azərbaycan istəmir, bunu təhdid kimi görürlər”.

Analitik qeyd edib ki, Moskvada baş tutan Rusiya və İran xarici işlər nazirlərinin görüşü zamanı da açıq aydın olub ki, Rusiya İranın bölgəyə hər hansı formada ayaq basmasına razı deyil:

“Çünki bu halda Rusiya bölgədən getməlidir. Rusiya indi heç regionda Türkiyənin güclənməsini arzu etmir, o ki, qala İran gəlsin. Bu mənada düşünürəm ki, Moskva danışıqları da Tehran üçün bir dərs olmalıdır”.