“Azərbaycan istəyinə nail olacaq. Başqa sözlə, Zəngəzur dəhlizi daxil olmaqla kommunikasiya xətləri açılacaq. Sadəcə olaraq Ermənistanın hərbi ritorikası da yerində qalacaq, davam edəcək. Bunun da xüsusi səbəbləri var. Ermənilər millət kimi xəstə təfəkkürlüdür, əgər onlar belə şüarlara, ritorikaya üstünlük verirsə, erməni rəhbərlik bunu nəzərə almalı olacaq”.

Bunu Teleqraf.com-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Siyasətçi diqqəti Azərbaycanın Ermənistana, Ermənistanın isə Azərbaycana hava nəqliyyat dəhlizi verməsinə çəkərək bunun çox yaxşı hal olduğunu bildirib: “Hava nəqliyyatında qarşılıqlı yolların verilməsi müsbət hadisə olmaqla yanaşı həm də münasibətlərə bir qədər yumuşalma gətirən faktordur. Bu, hər iki tərəfdən qarşılıqlı addımların atılmasına stimul verən davranışdır. Əslində başqa yol yoxdur, regionda sakitlik və inkişaf, əhalinin rifah halının yaxşılaşması məsələsi varsa, erməni rəhbərliyi reallığa uyğun addımlar atmalıdır”.

ASDP sədrinin fikrincə, indi Ermənistanın başqa yolları və variantları artıq yoxdur: “Bunlar öz təşəbbüsü ilə Türkiyə ilə danışıqlar apardı, Surixdə protokollar imzaladı. Düzdür, bunu cənab prezident o zaman dayandırdı. Amma Ermənistan rəhbərliyi bunu nə üçün edirdi? Çünki blokadada boğulurdu, vəziyyəti dəyişmək istəyirdilər. İndi də əslində həmin dövrdür. Ermənilərə blokadadan çıxmaq hava və su kimi lazımdır. Artıq bunun üçün ortada maneə də yoxdur. İrəvan buna Azərbaycan və Türkiyə vasitəsi ilə nail ola bilər. Ehtimal edirəm ki, ilin sonuna qədər böyük şeylər baş verməyəcək. Amma tədricən irəliləyişlər olacaq”.