“Azərbaycan və Ermənistan rəhbəri görüşməyə hazır olduğunu elan edib. Məncə, bu, müsbət hadisədir. Dünyada, o cümlədən bizim regionda böyük oyunlar gedir. Ən azından regional stabilliyi müəyyən həddə saxlamaq üçün belə bir görüşə ehtiyac olduğunu düşünürəm”.
Bunu Teleqraf.com-a professor Firudin Cəlilov Azərbayan dövlət başçısı İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın mümkün görüşü haqda suala cavabında deyib.
Onun fikrincə, belə bir görüşə ehtiyac var: “Amma Ermənistandakı ruspərəst qüvvələr Nikol Paşinyanın Azərbaycan prezidenti ilə görüşməsini istəmirlər. Niyə? Çünki belə bir görüşdə Nikol Paşinyan noyabrın 10-da imzalanan üçtərəfli razılaşma, habelə yanvarın 11-də Moskvada verilən üçtərəfli bəyanatı təkrarlamalı, bu sənədləri təsdiq etməli olacaq. Başqa cür mümkün deyil. Həmin sənəddə Zəngəzur dəhlizinin açılması məsələsi də mövcuddur. Amma aydındır ki, bu dəhlizin açılmasını istəməyən qüvvələr də var. Odur ki, bəlli qüvvələr bu görüşün müddətinin uzadılması, təxriə salınması, baş tutmaması üçün əllərindən gələni edəcəklər”.
Firudin Cəlilov deyir ki, bu görüşün baş tutması ilə bütün problemlərin bir anda həll edildiyini düşünmək doğru olmazdı: “Mənim fikrimcə, birinci görüşdən böyük nəaliyyət gözləmək doğru olmazdı. İlham Əliyevdən fərqli olaraq Nikol Paşinyan həm də öz cəmiyyətinin basqısı altındadır. Məncə, görüş baş tutarsa ilk olaraq orada tərəflər imzaladıqları sənədi bir növ ratfikasiya edəcəklər. Yəni əvvəlki razılaşmaları təsdiqləyəcəklər. Biz onsuz da təsdiqləyir və onun icrasını tələb edirik. Yəni bu sənədlər həyata keçirilməlidir. Bu baxımdan indi hər şey Paşinyandan asılıdır”.