AĞDAM, 17 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərə mediatur təşkil edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, təşkil edilən mediaturun məqsədi media nümayəndələrini bölgədə həyata keçirilən humanitar minatəmizləmə işləri və təhlükəsizlik tədbirləri ilə yaxından tanış etmək olub.
Tur çərçivəsində jurnalistlər Ağdam rayonunda aparılan əməliyyatlara baxış keçirib. Onlara mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, ərazilərdə mövcud risklər və minatəmizləmə prosesinin gedişi barədə ətraflı məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar hələ də ciddi təhlükə mənbəyi olaraq qalır. Bu səbəbdən əhalinin təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdışı üçün təmizləmə tədbirləri geniş şəkildə davam etdirilir.
Nazirliyin məlumatına görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da minatəmizləmə prosesinə cəlb olunub. Xüsusi təlim keçmiş heyət tərəfindən mina və sursatların aşkar edilməsi, zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətlə davam etdirir.
Vətən müharibəsindən sonra həyata keçirilən minatəmizləmə tədbirlərinə müvafiq dövlət qurumları ilə yanaşı FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də cəlb olunub. Əməliyyatlar kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində və su kanalları boyunca aparılır.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatlarına cəlb olunan şəxsi heyət ən müasir texnika və avadanlıqlarla təmin edilib. Bu məqsədlə “GCS-200” markalı kənardan idarə olunan müasir minatəmizləyən robotlardan istifadə olunur.
Bundan əlavə, əməliyyatlarda xüsusi təlim keçmiş minaaxtaran itlər də iştirak edir. Şəxsi heyət bu sahədə müvafiq kurslardan keçərək akkreditasiyadan uğurla çıxıb.
Minatəmizləmə işləri azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması və bərpa prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, belə mediaturların təşkili ictimaiyyətin mina təhlükəsi barədə məlumatlandırılması və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq prosesinin daha geniş işıqlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.